COP29

Mahir Emreli nəsə edib?

21:20 Araşdırma 291
Mahir Emreli nəsə edib?

Oktyabrın 20-də II Bundesliqada baş tutan “Qröyter Fürt” – “Nürnberq” qarşılaşmasının 13-cü dəqiqəsində Mahir Emreli baxımlı qola imza atdı.

Həqiqətən də möhtəşəm qol idi. Təxminən 25 metrdən özünəməxsus solaxay zərbə ilə topu tora qovuşduran “30 nömrə” Nauel Nolla şans yeri qoymadı.

Həmin gün Azərbaycanda əsl bayram ab-havası yaşandı. Mətbuat tirajladı, azarkeşlər tərif yağdırdı, müxtəlif rakurslardan qolu videosu paylaşıldı, imkanı olan sevincdən göyün yeddinci qatına çıxdı.

O qolun ətrafında elə ab-hava yarandı ki, sanki növbəti ildən başlayaraq 20 oktyabr Azərbaycanda əlamətdar gün kimi qeyd olunmalıdır.

Ərinmədən “Nürnberq”in sosial şəbəkə səhifələrinə daxil oldum ki, görüm, alman azarkeşlər Mahir barədə nə yazır, hansı formada tərif yağdırırlar. Baxma da, qanı qanımızdan, canı canımızdan olan ərköyün futbiolçumuzdur.

Sırf Emrelinin ünvanına yaxşı heç nəyə rast gəlmədim. Sözsüz, yazanlar var idi, ancaq hamısı azərbaycanlılar və futbolçunun yaxın adamları. Almanlar vurğunu bir nəfərə, yaxud baxımlı qola yox, sırf komandaya vurmuşdu. Derbidə 4:0 hesabı ilə qələbə qazanan sevimli komandalarının varlığı ilə sevinirdilər.

Bəs, bizim (sizin) atlanıb-düşməyimizin səbəbi nədir? Mahir qeyri-adi nə edib? 9 oyunun cəmi 4-də meydana çıxdığı və 260 dəqiqə mübarizə apardığı matçlarda cəmi 1 qola imzasını yazdırıb. Bunun harası bayramdır?

Azərbaycan yığmasının oyunlarında əlahiddə heç nə ilə yadda qalmayan, əksinə, qırmızı vərəqə almaqla komanda yoldaşlarını çətin duruma salan biri 2-3 aydanbir qol vuracaqsa, bunu şişirtməyə, şəninə təriflər yağdırmağa gərək yoxdur.

Maaş alır, şəxsi statusunda futbolçu adını daşıyır və buna görə də lazım olanı edir. Sizin, bizim etdiklərimiz, əksinə, Emrelinin ziyanınadır. Yazılanları oxuyur və özünü böyük futbolçu zənn edir.

Sabah zəif oyununa görə qınayanda bilirsiniz nə deyəcək? Deyəcək ki, “Qröyter”in qapısına o cür qol vuran həmin Mahirəm də, indi nə oldu? Bax, bu formada da deyəcək.

Mən o uşağı yaxşı tanıyıram: danışığını, davranışını, hərəkətini. Ona görə də dağ başına qaldırmağa gərək yoxdur. Dörd oyunda 1 qol vurub, vəssalam. Mayda “Nürnberq”lə I Bundesliqaya vəsiqənin sevincini yaşayar və uğurda pay sahibi olar, hə, onda bayram edərik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti