Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun matçına norveçli hakimlər təyinat alıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanı FIFA referisi Rohit Saqqi idarə edəcək.
Ona Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.
32 yaşlı ədalət təmsilçisi ölkəsində öncüllərdən hesab olunsa da, avtokubok təcrübəsinin zəngin olduğunu deyə bilmərik.
2017-ci ildən yaxasında FİFA-nın emblemini daşıyan skandinaviyalı hakim bu müddətdə avrokuboklarda 19 matça baş hakim kimi təyinat alıb. Və bu oyunlardan 1-də meydanda Azərbaycan klubu mübarizə aparıb.
Söhbət 2022-ci ilin yayına təsadüf edən “Rapid” – “Neftçi” qarşılaşmasından gedir.
Avqustun 11-də Vyanada keçirilən görüşdə avstriyalılar 2:0 hesabı ilə qələbə qazanıb, iki oyunun nəticəsinə görə penalti zərbələrinə ehtiyac duyulub. “Rapıd”in futbolçuları dəqiq zərbələr hesabına “ağ-qaralar”ı üstələyib.
Həmin gün meydanda olanlardan yalnız Emin Mahmudov bu gün Azərbaycan millisinin sıralarındadır.
Maraq üçün bildirək ki, Saqqi həm də şirkət rəhbəridir. O, özünün yaratdığı “Zebra Cunsulting” şirkətinin baş icraçı direktorudur.
Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ