"Övladlarıma söz vermişəm ki, bu il Azərbaycan millisinə dəvət alacam".
Bu sözləri "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev bir neçə gün əvvəl mətbuata açıqlamasında dilə gətirmişdi.
O, vədinə əməl etdi. Övladlarına söz verdiyi kimi, ölkənin bir nömrəli komandasına dəvət aldı.
Amma bu dəvət onun üçün heç də asan başa gəlmədi.
"Bakı"nın yetirməsinin adı həmyaşıdları arasında hər zaman potensiallı futbolçu kimi xüsusi çəkilib. Amma gənclər millimizin sabiq üzvünün böyük futbola addımları arzulanan kimi olmayıb.
"Simurq", "Qəbələ", "Sumqayıt", "Şüvəlan" və "Sabah" klublarında forma geyinmiş Vadim 2018-ci ildə peşəkar futbol karyerasını başa vurub.
Cəmi 24 yaşında...
Qarşılaşdığı haqsızlıqlara səbri çatmayan gənc oğlan çıxış yolunu illərini verdiyi futboldan getməkdə görüb.
Rusiyada yaşayan ailəsinin yanına gedən Abdullayev burada alverlə məşğul olur.
O, Moskvada yerləşən bazarın anbarında çalışır.
Təxminən 2 il.
Bu müddətdən sonra ona Naxçıvandan zəng gəlir. O dönəm Birinci Liqada çıxış edən "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov şəxsən tanıdığı futbolçuya yenidən sevimli peşəsinə qayıtmağı təklif edir.
O, qayıtmaqda tərəddüd edir. Lakin Bağırovun israrını görüncə istəyinə qarşı çıxmır. Moskva bazarı ilə vidalaşaraq Muxtar Respublika təmsilçisinə üz tutur.
Yenidən karyerasını bərpa edən sabiq "Bakı"lı 2022/23 mövsümündə "Araz"la Birinci Liqanın çempionu olaraq Premyer Liqaya vəsiqə qazanır.
Çempion heyətdən yüksək liqada oynamaq hüququ qazanan 3-4 futbolçudan biri Vadim olur.
Azər Bağırov Premyer Liqada da ona davamlı şans verir. Kənardan edilən təzyiqlərə, vurulan tənələrə rəğmən.
Bacarıqlı mütəxəssis "Pomidor satanı az oynat" replikasını çox eşidir.
Amma məhəl qoymur. 28 görüşdə onu meydana buraxır. Yalnız vərəqə cəzası səbəbindən "Zirə" ilə matçı buraxır.
Bağırov gedişindən sonra baş məşqçi postuna təyinat alan Elmar Baxşıyev də 29 yaşlı futbolçuya çox güvənir.
Ötən mövsüm 7, bu sezon isə arxada qalan 8 görüşdə Vadim meydanda olub.
İnadkar, mübarizə, cəsur oyunçunun futboldakı ən böyük xəyalı 2024-cü ilin 6 oktyabr tarixində gerçək olur.
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Vadim Abdullayevi ölkənin bir nömrəli komandasın dəvət edir.
Bir sözlə, Moskva bazarından başlayan yol Azərbaycan millisinə kimi uzanır.
XANOĞLAN İMANOV