“Qarabağ” növbəti sınaqla üz-üzədir.
Avropadakı qürur mənbəyimiz cümə axşamı İsveç çempionu ilə qarşılaşacaq.
Avropa Liqasının Liqa mərhələsinin II turundakı rəqib “Malmö”dür.
İsveçin ən titullu klubu hesab olunan “göylər” təkcə yerli yox, beynəlxalq arenalarda da uğurlu çıxışıyla yadda qalmaqdadır.
3 dəfə Çempionlar Liqasının, 4 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın rəqibi 1978/79 mövsümündə Avropa Çempion Klublar Liqasında (indiki Çempionlar Liqası) finala qədər yüksəlməyi bacarıb.
“Malmö” ilə bağlı bir maraqlı məqam var ki, ona mütləq toxunmalıyıq. Bu komanda səfər matçlarında uğursuzdur!
Təkcə 2022-ci ildən bu yana nəzər salmaqla ümumi vəziyyəti görmək mümkündür.
2022/23, Çempionlar Liqası
“Vikinqur” - “Malmö” 3:3
“Jalgiris” - “Malmö” 1:0
2022/23, Avropa Liqası
“F91 Düdelanj” – “Malmö” 2:2
“Sivasspor” - “Malmö” 0:2
“Union Sent-Jilluaz” - “Malmö” 3:2
“Union Berlin” - “Malmö” 1:0
“Braqa” - “Malmö” 2:1
İsveçdə çempionat yaz-payız sistemi əsasında keçirildiyindən, 2022-ci ildə Allsvenskanı 7-ci pillədə başa vuran “göylər” avrokubokların 2023/24 mövsümünü kənardan izləyib.
Ötən il İsveç çempionu olub və cari avrokubok mövsümünə Çempionlar Liqasında start verərək pley-offda dayanıb.
2024/25, Çempionlar Liqası
PAOK – “Malmö” 3:3 (əlavə vaxtda 3:4)
“Sparta Praqa” - “Malmö” 2:0
Statistikadan da göründüyü kimi, İsveç təmsilçisi son iki avrokubok mövsümündə meydana çıxdığı 9 səfər qarşılaşmasının əsas vaxtında yalnız bir qələbəyə sevinib, daha bir halda əlavə olunmuş 30 dəqiqədə qələbə topunu vurub.
Yerdə qalan 7 qarşılaşmanın 2-də bərabərə qalıb, 5 halda məğlub olub.
Daha bir maraqlı məqam “Malmö”nün qol vurmaq sarıdan korluq çəkməməsidir. Sözügedən 9 matçın 6-da rəqib qapılarına 14 dəfə yol tapması komandanın məhsuldarlıq bacarığından xəbər verir.
Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ