COP29

“Qarabağ”ın oyununda “qırmızı” olacaq? – Görün kim gəlir!

26 Sentyabr 19:40 Araşdırma 614
“Qarabağ”ın oyununda “qırmızı” olacaq? – Görün kim gəlir!

İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajoya tapşırılıb.

Ona həmyerliləri Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

Oyundan bir gün əvvəl 32 yaşını tamamlayan fransız referi 26 yaşından - 2018-ci ildən Liqa-1-in oyunlarına təyinat alır. Bundan 1 il sonra isə beynəlxalq arenalarda görünməyə başlayıb.

Villinin aktivində baş hakim qismində 13 avrokubok qarşılaşması var ki, bunların 2-də yolu bizimkilərlə kəsişib.

İlk dəfə 2021-ci ilin yayında Bakıya gələrək Konfrans Liqası çərçivəsində “Neftçi” – “Makkabi Hayfa” duelini idarə edib. Kifayət qədər gərgin keçən oyunda qapılara 6 top vurulub ki, komandalar hərəyə 3 dəfə fərqlənib.

“Ağ-qaralar” hesabda 3:1 öndə olanda, Delajo İsmayıl Zülfüqarlıya ikinci sarı vərəqənin ardınca “qırmızı” göstərib. İsrail nəhəngi məhz bizimkilərin azlıqda qalmasından sonra 2 qol vurmağa nail olub.

Fransalı hakim ötən ilin avqustunda “Qarabağ”ın matçında iş başında olub. Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Helsinkidə yerli HİK-lə keçirilən oyunu məhz bu şəxs idarə edib.

Meydan sahibləri 10-cu dəqiqədə hesabı açmasına baxmayaraq, baş hakim 16-cı dəqiqədə Kuassivi-Benissanı ikinci “sarı” ilə vaxtından əvvəl paltardəyişmə otağına göndərib. Bu azmış kimi, ilk hissəyə əlavə olunmuş dəqiqədə finlərin qapısına penalti təyin edib. “Nöqtə”yə yaxınlaşan Toral Bayramov dəqiq oynayıb. Yassin Benzianın ikinci yarıda vurduğu qol isə yekun nəticəni müəyyənləşdirib.

Sözügedən hakimin idarəçiliyi ilə baş tutan qarşılaşmalarda təmsilçilərimiz məğlub olmayıb. Maraqlısı, hər iki oyunda qırmızı vərəqə göstərməsidir. Ümid edək ki, bu dəfəki tünd rəngli vərəqə “Tottenhem”in futbolçularının payına düşəcək.

Bu gün keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti