COP29

Azərbaycanda yeni tikilən stadionda yaranan 100 min manatlıq PROBLEM

26 Sentyabr 19:00 Araşdırma 789
Azərbaycanda yeni tikilən stadionda yaranan 100 min manatlıq PROBLEM

Premyer Liqasının 7-ci turunun “Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimə edilib.

Daha əvvəl məlumat vermişdik ki, əsasnamənin pozulan tələbi qarşılaşmadan sonra futbolçuların duş qəbul etməsi üçün paltardəyişmə otaqlarının isti su ilə təmin edilməməsidir.

"Kimyaçılar" əvvəlki 2 ev qarşılaşmasında da oxşar cəza ilə üz-üzə qalıb.

Maraqlıdır, klub niyə bir dəfə xərc çəkib isti suyu düzəltmək əvəzinə, hər dəfə 500 manat cərimə ödənilməsinə razılaşır?

Apardığımız kiçik araşdırma sonrası məlum oldu ki, burada vəziyyət göründüyündən də acınacaqlı durumdadır.

İlk öncə ondan başlayaq ki, isti suyun yoxluğu arenaya verilən qazın yığılan borc səbəbindən kəsilməsidir.

Söhbət 100 min manatlıq kəsirdən gedir.

Bəs külli miqdarda borc nə vaxt yaranıb, niyə ödənilmir?

Borcun yaranması idman qurğusunun klubun ixtiyarına verilməsindən öncə yaranıb.

Səbəb isə açılışa hazırlanan arenanın otaqlarının, divarlarının qısa müddətdə quruması üçün davamlı olaraq qızıdırıcıların işləməsi olub.

Klub ev oyunlarını keçirmək üçün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna köçəndə artıq yuxarıda göstərilən məbləğdə borc yığılıbmış.

Hətta buna görə Azəriqaz məhkəməyə belə müraciət edib.

Lakin stadionun faktiki sahibi olmadığına görə borcun kim tərəfdən ödənilməsini aydınlaşdırmaq müşkülə çevrilib.

Yenidənqurma zamanı işlərə Sumqayıt şəhər icra hakimiyyəti birbaşa nəzarət edib.

İndi isə arena Gənclər və İdman Nazirliyinin balansındadır.

İcra hakimiyyəti borcu öz boyuna götürmür. Nazirlik isə borcun daha əvvəl yarandığını əsas gətirib kənara çəkilir.

Klubun mövqeyi isə ondan ibarətdir ki, stadionun xidmətindən istifadə etmədikləri dönəmdən yığılan borc bağlansın və Azəriqazla problem öz həllini tapsın. Davamında klub oyunlar zamanı istifadə edəcəyi qazın pulunu ödəməyə hazırdır.

Onu da əlavə edək ki, idman qurğusunda digər komunal xərclərlə bağlı vəziyyət də ürəkaçan deyil.

Suya və işığa da böyük məbləğdə borc yığılıb. Sadəcə Azəriqazdan fərqli olaraq Azərişıq və Azərsu hələki məhdudiyyət tətbiq etməyib.

Bunun hər an olması gözlənilir. Bu isə o deməkdir ki, kommunal xidmətlərlə bağlı yaranmış problem yaxın müddətdə öz həllini tapmasa, arenanın xidmətindən istifadə etmək mümkün olmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti