COP29

Mahir Emrelinin milli fəaliyyəti! - ŞOK FAKT

14 Sentyabr 21:20 Araşdırma 3 251
Mahir Emrelinin milli fəaliyyəti! - ŞOK FAKT

"Hamı getdi quş gətirdi, bizimki bayquş".

Mahir Emrelinin legioner həyatı yaşaması lap bu məsələ bənzəyir.

Digər ölkələrin millilərində çıxış edən legionerlər adından söz etdirir. Hamısı ölkəsini böyük turnirlərə aparmasa da, ən azı meydanda fərq yaradır, vurduğu qollar, etdiyi ötürmələrlə xalqın sevimlisinə çevrilir.

Digər yoldaşları üçün örnək olur, yol açır.

Elə 2021-ci ilin iyun ayında Mahir Emreli "Qarabağ"ı Polşa nəhəngi "Legiya"ya dəyişəndə çox sevinməyimiz də bununla bağlıydı.

Hər halda, legioner futbolçudan gözlənti çox olur. Düşündük ki, forvard bundan sonra ölkənin yığma komandasına daha çox fayda verər, lider kimi yoldaşlarını arxasınca aparar.

Emreli "Legiya"dan sonra Xorvatiya nəhəngi "Dinamo"ya, ardınca isə Almaniya təmsilçisi "Nürnberq"ə pənah apardı. Qısa müddət Türkiyədə "Konyaspor" forması geyindi.

Hələ də legioner həyatı yaşamağa davam edir. Əksəriyyət kimi erkən vətənə qayıtmaq yolunu seçmir. Özünü isbatlamaq yolunda mübarizəsini davam etdirir. Buna görə Mahirə alqış düşür.

Amma onun ölkə xaricində çıxış etməyə başladıqdan sonra milli komandaya göstərdiyi xidmətə görə bunu demək olmaz.

O, "Qarabağ"da çıxış edəndə milli üçün daha effektiv idi, nəinki Avropanı qarış-qarış gəzəndə.

Bunu biz yox, statistik deyir.

"Legiya"ya transferinə kimi Azərbaycan yığmasının formasında 26 görüş keçirən hücumçu 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, bunları 5 fərqli görüşdə edib. Həm də gənc - 20, 21 yaşlarında.

Futbol ənənəsi olan Polşaya ayaq basandan sonra artan yaşı ilə qazandığı təcrübə göstəricilərində əks effekt verib.

Sonrakı 4 ildə 22 milli matçda meydana çıxan Mahir cəmi 2 görüşdə varlığını ortaya qoya bilib.

2022-ci ildə Belarus üzərindəki qələbədə (2:0) 1 qol, 1 asistlə töhfə verib.

Amma həmin qarşılaşmadakı qəhrəmanlığının ardı gəlməyib.

2 illik susqunluğunu bu ilin iyun ayında pozub.

Qazaxıstanla Macarıstanda baş tutan yoxlama görüşündə. Məğlub olduğumuz matçda növbəti dəfə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Vəssalam! Bu da onun son 3,5 ildəki milli fəaliyyət(sizliy)i.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?