COP29

“Qarabağ”ın rəqibinin halına baxın – AEK, PAOK, “Sparta”, “Viktoriya”, “Balkani”...

20 Avqust 20:40 Araşdırma 6 450
“Qarabağ”ın rəqibinin halına baxın – AEK, PAOK, “Sparta”, “Viktoriya”, “Balkani”...

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Zaqreb “Dinamo”sunu tanımayan yoxdur.

Onlar Xorvatiya futbolunun flaqmanı olmaqla yanaşı, həm də ölkəni Avropa arenalarında layiqincə təmsil edən kollektivdir.

Demək olar hər il avrokubokların qrup mərhələsində iştirak edən zaqreblilər təkcə son 10 ildə 4 dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edib, lakin heç bir halda qrup səddini aşa bilməyiblər.

“Dinamo”nun ötənilki heyətində ciddi dəyişikliklər baş verməyib. Yeni transferlər olsa da, gedənlərin sayı elə də çox deyil.

Odur ki, paytaxt təmsilçisinin ötən avrokubok mövsümündəki çıxışına diqqət yetirməklə “Qarabağ”ın rəqibi haqda müəyyən qənaətə gəlmək mümkündür.

Sergey Jakiroviçin rəhbərlik etdiyi kollektiv ötən yay mübarizəyə Çempionlar Liqasında başlayıb. 2-ci təsnifat mərhələsində “Astana”nı keçən (4:0, 2:0) xorvatlar növbəti mərhələdə Yunanıstan AEK-inə “ilişib” – 1:2, 2:2.

Avropa Liqasının pley-offuna yuvarlanan “Dinamo” burada da uğursuzluğa düçar olub. Praqa “Sparta”sına evdə 3:1 hesabı ilə qalib gəlsə də, səfərdəki 4:1 hesablı yenilgi ilə Konfrans Liqasının qrup mərhələsinə yollanıb.

Buradakı rəqiblərdən biri yenə “Astana” olub ki, zaqreblilər hər iki matçda qazaxlıları meydana çıxmağa peşman edib – 5:1, 2:0.

Kosovo “Balkani”si ilə oyunlardan birində qalib gəlib (3:0), digərində uduzublar – 0:2.

Plzen “Viktoriya”sı ilə oyunlar da “Dinamo” üçün arzuolunmaza çevrilib. Hər iki dueldə 0:1 hesablı məğlubiyyət qeydə alınıb.

9 xalla növbəti mərhələyə yüksələn “Qarabağ”ın rəqibi proqnozları alt-üst etməyi bacarıb. La Liqa iştirakçısı “Betis”lə Zaqrebdə 1:1 oynayıb, səfərdə 1:0 hesabı ilə qalib gəlib.

1/16 final mərhələsində PAOK-la oyunlarda “Dinamo”nun mərhələ adlayacağını düşünənlər gümanında yanılıb. Digər Yunanıstan təmsilçisi kimi, PAOK da xorvatlar üçün kabusa çevrilib.

Doğma meydanda 2:0 hesablı qələbə, səfərdə 1:5 hesablı biabırçı məğlubiyyətlə “göylər”in avrokubok mübarizəsi başa çatıb.

Gördüyünüz kimi, “Dinamo” heç də keçilməz rəqib deyil. AEK, “Sparta” və PAOK-a uduzan Xorvatiya nəhəngi “Balkani” ilə “Viktoriya”ya da boyun əyib.

“Maksimir”dəki qarşılaşmalara gəlincə, 5-də qələbə qazanıb, 1-də bərabərə qalıb, 2-də uduzub. Vitrinə qoyulacaq uğur “Betis”i keçməkdir.

Yeri gəlmişkən, “Qarabağ” cari mövsümdə avrokuboklarda 4 oyun keçirməyə imkan tapsa da, “Dinamo” mübarizəyə pley-off mərhələsindən başlayacaq. Yəni, təmsilçimizlə qarşılaşma rəqib komandanın cari avrokubok mövsümündə ilk oyunu olacaq.

Bu axşam “Maksimir” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…