COP29

“Xəzər Lənkəran”a acı yaşadan, 70 milyonluq heyətlə “Qarabağ”ın önünə çıxacaq “Dinamo"

17 Avqust 20:20 Araşdırma 1 474
“Xəzər Lənkəran”a  acı yaşadan, 70 milyonluq heyətlə “Qarabağ”ın önünə çıxacaq “Dinamo"

Xəbər verdiyimiz kimi, Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək.

Komandalar arasında ilk görüş avqustun 20-si, ikinci oyun isə 28-i baş tutacaq.

“Dinamo” Azərbaycan azarkeşlərinə heç də yad klub deyil. Daha əvvəl də təmsilçilərimizlə üz-üzə gələn xorvatlar bu görüşlərdən qalibiyyətlə ayrılıb.

2007-ci ildə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Xəzər Lənkəran”la qarşılaşan Zaqreb təmsilçisi mərhələni keçən tərəf olub. Azərbaycanda keçirilən matç 1:1-lik heç-heçə ilə bitsə də, “Dinamo” evdə 3:1-lik qalibiyyətə sevinib.

Daha sonra Xorvatiya nəhəngi “Neftçi” ilə qarşılaşmalı olub. Bu görüşlər 2011-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutub. Zaqreblilər Bakıdan 0:0 hesablı heç-heçə ilə ayrılsalar da, evdə 3:0 üstünlüklə növbəti mərhələyə adlayıb.

Görünən odur ki, “Dinamo” təmsilçilərimiz üçün uğursuz rəqibdir. Lakin onlar hələ də rəsmi görüşdə “Qarabağ”la üz-üzə gəlməyiblər.

Xorvatiya təmsilçisi Avropada futbolçu istehsalı ilə məşhur olan klublardandır. Dünyanın bir çox nəhəng klublarında oynayan xorvatlar məhz “Dinamo” məktəbindən çıxıblar. Elə komanda büdcəsinin çoxunu da bundan təmin edir.

Əsas komandada nəticələri ilə daim ölkənin ən yaxşı klubu olduğunu sübut edir. Düzdür, son illərdə bir neçə dəfə baş məşqçi dəyişsələr də, avrokubokların qrup mərhələsinin daimi sakinidirlər. “Dinamo” son illərdə heyətdə yeniliklər etsə də, komandanın əsas özəyini qoruyub saxlaya bilib.

Klubun hazırkı heyəti 70 milyon avro olaraq dəyərləndirilir. Komandanın ən bahalı futbolçusu isə Martin Baturinadır. Onun hazırkı bazar dəyəri 20 milyon avrodur. 21 yaşlı yarımmüdafiəçi bir çox Avropa nəhənglərinin diqqətini çəkə bilib. Hazırda İngiltərə nəhəngi “Liverpul” Baturina transferi üçün çalışır. Komandanın digər gənc oyunçusu Mauro Perkoviçin qiyməti isə 5 milyon avrodur.

Bu komanda həm də bizə Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq üzvü Mahir Emrelinin çıxış etdiyi komanda kimi yaxından tanışdır. 6 ay icarədə olmaqla millimizin forvardı Zaqreb təmsilçisində 2 mövsüm keçirib. İlk gedişində yaxşı çıxış edən Emreli sonradan ehtiyat oyunçular skamyasının sakininə çevrildi. Buna səbəb isə komandada tez-tez baş məşqçi dəyişiklikləri idi. Nəticədə yığmamızın üzvü orada möhkəmlənə bilmədi. Bir neçə gün öncə isə o, Almaniya ikinci liqa təmsilçisi “Nurnberq”lə müqavilə imzaladı.

Zaqreb “Dinamo”su “Qarabağ” üçün çətin rəqib hesab olunur. Tarixinə və nəticələrinə baxsaq, həqiqətən bu cür olduğunu görəcəyik.

Ümid edirik ki, Qurban Qurbanovun yetirmələri “Ludoqorets”lə matçda göstərdiyi oyunu xorvatlara qarşı da nümayiş etdirə biləcəklər.

Elsevər Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…