COP29

Bu gecə “Sabah”ın yuxusunu ərşə çəkəcəklər?

1 Avqust 16:40 Araşdırma 1 110
Bu gecə “Sabah”ın yuxusunu ərşə çəkəcəklər?

“Sabah” ötən həftə “Makkabi Hayfa”nı məğlub etməklə böyük üstünlük qazandı.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanda keçirilən qarşılaşmada təmsilçimiz güclü rəqibin qapısından 3 cavabsız top keçirdi.

Əksəriyyət bu nəticədən sonra “tələbələr”i növbəti mərhələdə görür, “Sabah”ın Bakıda daha parlaq qələbə qazanacağını təxmin edir.

Bu mənada ehtiyatlı olmaq mütləqdir. “Makkabi”nin ötən mövsüm avrokuboklarda səfər oyunlarında əldə etdiyi nəticələr adamı düşünməyə vadar edir.

İsrail nəhəngi mübarizəyə Çempionlar Liqasında başlayıb və ilk səfər duelində Malta komandası “Flamrun Spartans”ın qapısından 4 cavabsız top keçirib.

Növbəti mərhələdə Tiraspolda “Şerif”ə 0:1 hesabı ilə uduzsa da, ümumi hesabda üstün olub.

3-cü təsnifat mərhələsində səfərdə bu dəfə “Slovan Bratislava”nı üstələyib (2 :1) və yenə mərhələni adlayıb.

Pley-offdakı səfər görüşündə İsveçrədə “Yanq Boyz”un önünə çıxmağa peşman olaraq (0:3) mübarizəni Avropa Liqasının qrupunda davam etdirib.

Burada səfərdə “Renn”ə 0:3 hesabı ilə yenilib, “Panatinaikos”u Yunanıstanda 2:1 hesabı ilə udub, İspaniyada “Vilyareal”la qolsuz bərabərə qalıb.

Üçüncü yerin sahibi kimi pley-offa vəsiqə qazanmaq üçün “Gent”lə səfər qarşılaşması 1:1 hesabı ilə başa çatsa da, mərhələni adlayan israillilər olub.

1/16-dəki rəqibin adının “Fiorentina” olduğunu görənlər İtaliya təmsilçisinin mərhələni rahat adlayacağını təxmin edirdilər. Lakin bu, “bənövşəyilər”ə heç də asan başa gəlməyib.

Florensiyadakı qarşılaşma 1:1 hesabı ilə sonuclanıb, Macarıstanda baş tutan duel isə olduqca gərgin keçib və italyanlar 4:3 hesabı ilə qalib gəlib.

Göründüyü kimi, “Sabah”ın rəqibi səfər qarşılaşmalarında son dərəcə təhlükəlidir. “Vilyareal”, “Fiorentina”, “Gent” kimi rəqiblərə yad meydanda məğlub olmayıblar, “Slovan”la “Panatinaikos”u onların stadionunda udublar, ümumilikdə 9 oyunun yalnız 3-də yenilgi acısı dadıblar.

“Tələbələr” ilk oyundakı nəticənin yuxusuna dalsa, işimiz çox çətin olacaq.

Avqustun 1-də “Əlincə Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti