COP29

”Vozvrat” olanlar - Qardaş, lazım deyillər heç kimə

27 İyul 16:40 Araşdırma 2 802
”Vozvrat” olanlar - Qardaş, lazım deyillər heç kimə

Musa Qurbanlının “Yurqarden”dən “Qarabağ”a qayıtdığı gün idi.

Klub yeni sözləşmə barədə anons yaymışdı.

İzləyicilər də şərh bölməsinə tökülüşmüşdü ki, bəs, Musa nəyimizə lazımdır, yeni transferə ehtiyac var, gedənləri qaytarırsınız və sair.

Bir neçə həftə keçdi, bu dəfə Ramil Şeydayev “Neftçi”ylə anlaşdı. Yenə eyni mənzərə, eyni iradlar, aşağı-yuxarı eyni cümlələr, hiddət və şiddət. Ramilin futbolu qurtarıb, “Neftçi”lik deyil, yaxşı olsaydı Türkiyədə qalardı....

Çox keçmədi Şahruddin Məhəmmədəliyev də qayıtdı. Bu dəfə az qala yer-göy titrədi. “Qarabağ” azarkeşlərinin üzərinə od töküldü sanki. Əvvəlki dönəmdə etdiyi səhvlərlə fanatların səbr kasasını daşıran qapıçının dönüşünü heç bir halda qəbul edə bilmirdilər.

Bu futbolçuların ölkəmizə qayıdışları zamanı anladım ki, azərbaycanlı futbolçular azərbaycanlılara lazım deyil.

Onları xilaskar və böyük futbolçu gözündə görmürlər. Azarkeşlərin fantaziyasında bacarıqlı futbolçu obrazı yarada bilməyiblər.

Sabah Mahir Emreli qayıdanda da belə olacaq, Coşqun Diniyev Bakıdakı hava limanına enəndə də.

Futbola könül verən azərbaycanlılar yerli futbolçulardan can qurtarmaq üçün az qala hər gün əllərini göyə açırlar. Legioner həyatı yaşasınlar, istirahət etsinlər, gedib ehtiyatda otursunlar – təki buradan getsinlər, onları buralarda görməyək.

İndi mən sizə sual verim. O futbolçular sizə lazım deyilsə, Avropanın nəyinə gərəkdirlər?

Bacarıqları, üstalıqları, fərdi keyfiyyətləri ilə özlərini sizə sevdirə bilməyiblərsə, oradakı azarkeşlərə necə isinişəcəklər? Ramili, Şahı, Mahiri az qala döyə-döyə göndərirsiz ki, gedin, başqa yerdə oynayın, təki sizi görməyək.

Qardaş, lazım deyillər heç kimə. Bunu anlamaq bu qədərmi çətindir? Yerləri ən yaxşı halda Qırğızıstan, Tacikistan, Cəbəllütariq çempionatlarıdır, orada da pul verən yoxdur.

Taylandla Malaziyanın da havası düşmür uşaqlara, qala bilmirlər orda. Allahın Qətər, Küveyt klubları də maraq göstərmir ki, sizin onlardan, onların da sizdən canı qurtarsın.

Odur ki, taleyinizlə barışmağa məcbursunuz.

P.S.: Başlıqdakı rus sözü dilimizdə “geri qaytarılan” anlamını verir. Sadəcə, yazının ruhuna tam o söz uyğun gəlir deyə, sovetin vaxtından eşitdiyimiz tərzə üstünlük verdim.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?