COP29

Bakıda Ermənistan səfirliyi bu tarixdə açılacaq?

2 Sentyabr 04:00 Araşdırma 4 706
Bakıda Ermənistan səfirliyi bu tarixdə açılacaq?

Ermənistan baş naziri Nikol Paşinyan yenə “sülh çuxası” geyərək Azərbaycanla danışıqlardan dolayı gəlişigözəl sözlər deyib.

Gündəmdən, regiondan bixəbərlər də elə zənn edər ki, adam Nobel Sülh Mükafatına əsl layiq birisidir.

Məsələn, mətbuat konfransında Nikol Vovayeviç Prezident İlham Əliyevlə sərhəddə görüşməyə hazır olduğunu söyləyib. Lakin ötən ay Londondakı görüşdən qaçmasına məntiqli izah tapa bilməyib. Bunun əvəzinə o, hətta Bakıya, COP-29 tədbirinə qatılacağını mümkün sayıb. Onu da bildirib ki, guya Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

Sitat: “Sülh müqaviləsinin son layihəsində 17 maddə var, bunlardan 13-ü artıq razılaşdırılıb, o cümlədən preambula da. Daha 3 maddə birdən çox təklifdən ibarətdir ki, onlar da razılaşdırılıb”.

Onun fikrincə, heç bir sülh müqaviləsi bütün suallara cavab verə bilmədiyi üçün sülh sənədindən sonra diplomatik münasibətlərin qurulması üçün platforma yaratmaq mümkün olacaq ki, bu da digər məsələlərin həllini xeyli asanlaşdıracaq. “Saziş imzalandıqdan sonra tərəflər diplomatik münasibətlər quracaq və bu, məsələlərin müzakirəsi üçün əlavə platforma olacaq”, - Paşinyan iddia edib...

Amma bundan cəmi iki gün qabaq – avqustun 29-da Ermənistan ədliyyə naziri Qriqor Minasyan ölkədə konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilə biləcəyini bildirib. Minasyan xüsusi qeyd edib ki, komissiyanın işçi iclaslarında konstitusiyanın ilk 3 maddəsinin dəyişdirilməsi müzakirə olunmayıb, o cümlədən Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması məsələsinə baxılmayıb (Harada ki, məhz keçmiş Dağlıq Qarabağın Ermənistana “birləşdirildiyi” əksini tapıb).

Yəni belə çıxır, hətta 3 il sonra konstitusiya dəyişsə belə, Azərbaycana ərazi iddiası qala bilər? İndi bu nə demək? Özündən sonra hakimiyyətə gələcək revanşistlərə “pas” verməkmi? Niyə 6 ay, 1 il yox, 3 il? Kimin qulağından əriştə asırlar? Ümumiyyətlə, Paşinyanın səmimiliyinə inanmaq mümkünmü?..

Belə bəyanatları çox eşitmişik. Azərbaycana isə sülh bəyanatları yox, real iş, sülh müqaviləsi lazımdır. Sülh müqaviləsi üçün də Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı istinad çıxarılmalıdır!

Paradoks ondadır ki, bu sənəd ən çox Ermənistana lazımdır. Çünki bunsuz bölgədə kommunikasiyalar, yollar, sərhədlər açılmayacaq. Nəticə etibarilə Ermənistan izolyasiyada qalmağa davam edəcək. İşğal dövründəki kimi. Beləcə, “nə hərb, nə sülh” vəziyyətinin altını hamıdan çox kapitulyant ölkə çəkəcək.

Seçim özlərinin. Azərbaycan isə belə vəziyyətə çoxdan öyrəncəlidir. Bu durumda Bakı iqtisadi yüksəlişə nail olaraq Zəfər Ordusu qura bilib və torpaqlarını azad da edib. Qısası, itirəcəyimiz bir şey yox...

Təsadüfi deyil ki, N.Paşinyandan bir gün qabaq İlham Əliyev bir daha İrəvana “qırmızı xətt”imizi xatırladıb. Prezident deyib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir. Azərbaycanın bölgədə davamlı sülhün tərəfdarı olduğuna diqqət çəkən dövlət başçısı bir daha bildirib ki, bunun üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır.

Azərbaycan rəhbəri həmçinin vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar da tamamilə ləğv edilməlidir. İlham Əliyev Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını söyləyib: “Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var? Görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil”...

Diplomatik danışıqlarda belə bir deyim var: “Bir bənd razılaşdırılmayıbsa, heç nə razılaşdırılmayıb”. Məsələ də ondadır ki, İrəvan Bakı ilə 13 yox, lap 113 bənd razılaşdırsın, sərhəddə bir yox, on görüş keçirilsin, əsas bənd reallaşmayınca, yəni Ermənistan öz konstitusiyasını beynəlxalq hüquqa uyğundırmayınca, üzdəniraq Minsk Qrupunun rəsmi ləğvinə razılıq verməyincə, heç bir sülh sənədi işlək olmayacaq.

Deməli, iki ölkə arasında diplomatik münasibətlər, Bakıda və Ankarada Ermənistan səfirliklərin açılması da yalnız xəyal olaraq qalacaq. Odur ki, Nikol və komandası nə qədər gec deyil, “atı arabanın arxasından açıb qabağına qoşmaq” barədə düşünməlidir. Sabah gec olacaq.

Bu xüsusda o da diqqətçəkicidir ki, mətbuat konfransında N.Paşinyan jurnalistlərdən birinin sualına sualla cavab verərək sırtıqcasına bildirib ki, “niyə Azərbaycan İtaliyadan, Pakistandan, Slovakiyadan, Serbiyadan, Bolqarıstandan, İsraildən silah ala bilər, Ermənistan Fransa və Hindistandan silah ala bilməz?”

Bəli, bizə olar, sizə yox. Azərbaycan silahlana bilər, çünki onun heç bir dövlətə ərazi iddiası yoxdur, olmayıb. Dünənin işğalçı ölkəsi və altdan-altdan yenə işğal ordusu qurmağa çalışan Ermənistandan fərqli olaraq...

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM