“Bayer”in müdafiəçisi Alexandro Qrimaldo İspaniya millisinin heyətində Avropa çempionatında birlikdə oynayacağı 16 yaşlı Lamin Yamala (“Barselona”) məsləhət verib.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, gənc oyunçuya möhkəm durmağı məsləhət görüb:
“Lamin üçün məsləhət? Möhkəm dur, hər gün çalış və özünə qulluq elə. Yamal vacib matçlarda və ən yüksək səviyyədə oynayır.
Ona bir məsləhət verə bilsəm, bu, özünə diqqət yetirmək və baş verə biləcək hər hansı bir pis şeyin qarşısını almaq olardı.
Yamal istedadlı oyunçudur. Mən onu zirvədə görürəm. O, yeni dövr yaradan oyunçu ola bilər”.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.