
«Sabah»ın Vasili Berezutski ilə işbirliyinin uzanıb-uzanmayacağı 2 gün sonra dəqiqləşəcək.
Kubokda finala vəsiqə qazanmasalar, o, çıxıb gedəcək.
Burada qalması üçün «Neftçi» səddini keçməsi mütləqdir. Oldusa, oldu. Olmadısa, «siz sağ, mən salamat» deyib, gedəcək.
Müqavilə birtərəfli pozulacaq, yoxsa ikitərəfli - bu, məsələnin sonrakı mərhələsidir, formal şeydir, təfərrüatdır.
Əsas hədəfdir və ona çatmaq naminə ortaya yaxşı iş qoymaq lazımdır. Berezutski hələ neçə həftə bundan öncə kubok yarışmasını «sıxıb» və ona fokuslanıb.
Anlayır ki, baş məşqçi postunda etdiyi debütün qiyməti mövsümü necə başa vurmasından asılıdır.
Rusiyalı şikayət edir ki, komandası son vaxtlar çox qol buraxır. Bu, mənə bir qədər qəribə gəlir.
Berezutskinin özü müdafiəçi olub, uzun illər ÇSKA və Rusiya yığmasının şərəfini qoruyub.
Bütün böyük klub turnirlərində, Avropa və dünya çempionatlarında çıxış edib, UEFA Kubokunu başı üzərinə qaldırıb, məşhur məşqçilərlə işləyib, az-çox təcrübə toplayıb.
Odur ki, onun komandasının arxa zonasının daim yanlışa yol verməsindən gileylənməsi təəccübləndi. Ötən ilin noyabrından bu heyətlə çalışan Berezutskinin bu xətalar üzərində işləməməsi, həll yolunu tapmaması anlaşılmazdır.
Berezutskinin taktiki baxışları mənə yetərli gəlmir. Oyunçuların yerdəyişməsi, onları fərqli mövqelərdə sınaqdan keçirməsçi də həmçinin.
Hələ harasıdır, seleksiyası da qanqaraldıcıdır.
Stas Pokatilovun - Qazaxıstandan dəvət olunmuş qapıçının «Səbail»lə matçda sərgilədiyi performansı görüncə, bu qənaətə gəldim - heyif o pula!
Stas çox nadir hallarda seyv edir, yoldaşlarına kömək olur. Ona bu qədər pul verib gətirməkdənsə, Yusif İmanov və Nicat Mehbalıyev elə var idi də burada.
Həmin səhvləri Stas da edir, onlar da. Berezutski bu transferlə həm klubu xeyli xərcə saldı, həm də qaş düzəltmək istəyən yerdə vurub göz çıxarmış oldu.
ELXAN