
II Liqada yarışan iki komanda 2025/26 mövsümündə I Liqada oynamaq hüququ qazanıb.
Sportinfo.az xəbər verir ki, bunlar “Şahdağ Qusar” və “Şəfa”dır.
Hər iki komandanın 20-ci turun matçlarından sonra yarışı ilk üçlükdə başa vuracağı qətiləşib.
Sona 6 tur qalmış “Şahdağ Qusar” 58 xalla 1-ci, “Şəfa” 55 xalla 2-ci yeri tutur. Hazırda 4-cü pillədə qərarlaşan “Haypers Quba” “Şahdağ Qusar”dan 22, “Şəfa”dan 19 xal geri qalır.
Bu o deməkdir ki, sonuncu iki komanda qarşıdakı 6 turun nəticəsindən asılı olmayaraq, ilk üçlüyü tərk etməyəcək.
AFFA İcraiyyə Komitəsinin 19 fevral 2025-ci il tarixli qərarına əsasən, 2024/2025-ci illər mövsümündə I Liqada sonuncu yeri tutmuş klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa I Liqaya yüksələcək.
I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.
Hazırda II Liqada 3-cü yeri 20 oyundan 43 xalla “Şimal”, 4-cü yeri 36 xalla “Haypers Quba” tutur.