
"Mən öz yoluma sadiq qaldım".
Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə “Araz Saatlı"nın sabiq baş məşqçisi Şəhriyar Məmmədov deyib.
Mütəxəssis II liqa təmsilçisindən istefa verməsinin səbəblərini açıqlayıb:
"Ya mən peşəkar məşqçi kimi komandanı öz arxamca aparmalıydım, ya da qeyri-peşəkar futbolçular məni öz ardınca aparmalıydı. Cəmi iki yol vardı. Mən də birincini seçdim. Komandanı necə lazımdır, arxamca aparırdım da. Uğurlarımızı da görürdünüz. Altı oyunluq qalibiyyətdən sonra "Şəfa" ilə oyunda baş verənlər ondan xəbər verirdi ki, komanda qeyri-peşəkarlığa doğru gedir. Sözsüz ki, mən konkret qərar verməli, müəyyən çərçivələr qoymalıydım. Gördüm ki, futbolçular həmin çərçivəyə uyğunlaşmır, yaxud da uyğunlaşmaq istəmir. Hər bir futbolçu neqativ davranışına görə cəza almalıdır. Əgər bu cəzalar yoxdursa, biz hansı peşəkarlıqdan danışa bilərik? Mənim üçün nizam-intizam vacib şərtdir. Bildiyiniz kimi, biz il ərzində 35-dən çox futbolçu götürə bilmirik. Komandadakı oyunçular da çox gözəl bilirdi ki, limit dolub. Onlar düşündü ki, bundan istifadə edib qruplaşsaq, baş məşqçi bizim dediyimizlə oturub durmağa məcbur olacaq. Mən də onların təxribatına getmədim. Bildirdim ki, kim oynamaq istəmirsə, yolu açıqdır, gedə bilər”.
O qeyd edib ki, klub rəhbərliyi ilə heç bir narazılığımız olmayıb:
“Məlum problemlər bir neçə oyunçunun qruplaşması və digər oyunçuları cəlb etməsindən sonra yaranıb. Klub rəhbərliyi də mənə geri addım atmağı məsləhət gördü. Mən də onların fikrinə sayğı ilə yanaşdım".
Məmmədov II Liqanın XVII turu çərçivəsində "Şəfa"ya səfərdə 0:10 hesabı ilə məğlub olmalarından danışıb:
"Oyundan bir gün öncə komandanın iki müdafiəçisini öz maşınımla xəstəxanaya aparmışam. Biri soyuqdəymədən olmuşdu, digəri də səhv etmirəmsə, belə bir şey idi. Sistem köçürüləndən sonra onlar oyuna çıxdılar. Ancaq hələ isinmələr zamanı hiss edirdim ki, gedişat yaxşı olmayacaq. Sadəcə mənim "B" variantım yox idi. Yaxşı məşqçi nə vaxt olur? Əlinin altında olan yaxşı futbolçulardan oyunda düzgün istifadə edəndə. Əgər mənim belə bir imkanım olsaydı, həmin iki futbolçunu oyuna çıxarmaq əvəzinə istirahət verib başqa oyunçuları meydana buraxardım. Ancaq belə bir şansım yox idi, özü də rəqib kimdir? II liqanın ən güclü komandalarından olan "Şəfa".
Məmmədov gələcək planlarından da bəhs edib:
"Düzü "Araz Saatlı"da itirdiyim vaxta, zəhmətə heyfslənirəm. Hamı bilir ki, harada işləmişəmsə, aldığımdan daha artığını qaytarmağa çalışmışam. "Araz Saatlı"da çətin günlər yaşadım. Ancaq onu da bilirəm ki, məşqçilik yolunda bu çətinliklər gözləniləndir. Bu yolda heç kimə güzəşt etməyi düşünmürəm. Yoluma məşqçi kimi davam edəcəm. Daha etibarlı bir klubdan təklif gələrsə, dəyərləndirə bilərəm".
Şəhriyar Məmmədov son bir ildə "Araz Saatlı"nın baş məşqçisi kimi fəaliyyət göstərib. Mütəxəssis bundan öncə "Araz Naxçıvan", "Keşlə" və MOİK klublarında çalışıb.