
«Bizə bu işlərdə rayon camaatı çox kömək edir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şəmkir»in prezidenti Vüsal Məmmədov deyib.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda təmir başlanılıb. Uzun illərdir yararsız vəziyyətə düşmüş təbii ot örtüyü yenilənib.
İstismar müddəti bitmiş qazon artıq yerli-dibli şumlanıb. Ora toxum səpilib.
V.Məmmədov bildirib ki, torpaq qatı və ot örtüyü sonuncu dəfə 2015-ci ildə bərpa edilib:
“Nəzərə alsaq ki bu tip yenilənmələr 5-6 ildən bir aparılmalıdır, uzunmüddətli istifadədən sonra bizim stadionun ot örtüyünün də yenilənməsinə ehtiyac var idi.
Buna görə də 18 dekabr tarixində keçirilən “Şəmkir" - “Lerik” oyunundan sonra baş məşqçi Vüqar Nadirovun təşəbbüsü ilə stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılması barədə qərar qəbul edilib.
Yeni qazon mayın əvvəlinədək tam hazır vəziyyətə gələcək. Bu, yalnız klubun xidməti deyil. Qazonun dəyişdirilməsi kifayət qədər iri məbləğ deməkdir.
Rayonumuzun iş adamları, futbolsevər insanlar xərclərin böyük hissəsini öz üzərinə götürüb. Qısa müddətdə lazım olan vəsait toplandı.
Bu, eyni zamanda, komandaya köməkdir. Çünki meydan kələ-kötür olanda oynamaq futbolçulara da çətindir.
Şəmkirdə gərək «Şəmkir»in adına layiq meydança olsun. Hamımız elə bunun üçün çalışırıq».
II Liqada yarışan “Şəmkir” 2 dəfə Azərbaycan çempionudur (1999-2000 və 2000-2001 mövsümü). Əyalət təmsilçisi Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN