
II Liqada 17-ci tura yekun vurulub.
Çempionatın lideri "Şahdağ" səfərdə "Şəmkir"in qonağı olub.
Əvvəlki turların hamısında qələbə qazanmış Qusar təmsilçisi qərb bölgəsindən bu dəfə 3 xalla qayıda bilməyib.
Halbuki hesabı onlar açıb, özü də erkən. Cərimə zərbəsi zamanı müdafiəçilərin gözündən yayınan Rubin Seyidov başla yaxın küncü nişan alıb.
Vüqar Nadirovun çalışdırdığı ev sahibləri əl-qolunu yanına salmayıb. «Şəmkir» cavab qoluna da elə standart vəziyyətdən sonra sevinib.
Akif Tağıyevin havalandırdığı topa Rafiq Kərimov düzgün reaksiya verməyib. Qapıçının qaytardığı «yuvarlaq meşin» Vüsal Hüseynovun başına dəyərək, tora daxil olub.
II Liqada mövsümün azarkeş rekordu Şəmkirdə qırılıb. İlk dəfə stadiona 750 nəfərdən artıq azarkeş toplaşıb.
Qazonu yenicə dəyişdirilən arenanın ətrafında maşın parkı diqqət çəkib. Ətrafda o qədər avtomobil gözə dəyib ki…
Bununla belə, matçın maraqlı keçdiyini söyləmək mümkün deyil. Ot üzünə həsrət meydanda təhlükəli qol vəziyyətləri az yaradılıb.
20 qolla çempionatın bombardirlər cədvəlinə başçılıq edən Vidadi Cəfərov sarı vərəqə limitini doldurduğundan, «Şəmkir» onun xidmətindən yararlana bilməyib.
Qarşı tərəfdə isə belə bir problem yox idi, di gəl, qusarlılar bir elə yaxşı təsir bağışlamayıb. Ağ-qızılı rəngli formanı geyinmiş qərblilərin istəyi onlardan daha çox idi.
«Şəmkir» meydanın hər qarışı uğrunda mübarizə apardı və ən azından 1 xalı haqq etdi.
SPORTİNFO.AZ
"Şəmkir" - "Şahdağ Qusar" 1:1
Qollar: Vüsal Hüseynov 27 (ö.q.) // Rubin Seyidov, 6
Şəmkir OİK stadionu. 750 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Orxan İbişov
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Sehran Abbasov, 6 (qeyri-idman hərəkəti); Fəzail Şirxanzadə, 34 (qeyriidman hərəkəti); Məzahir Əhmədov, 56 (hakimin qərarına etiraz); Ceyhun Rəcəbli, 79 (qeyri-idman hərəkəti) // Rahid Əmirquliyev, 77 (qeyri-idman hərəkəti); Rubin Seyidov, 79 (qeyri-idman hərəkəti); Samir Qurbanov, 80 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.
“Şəmkir”: 1. Orxan Sadıqlı (k) 10. Akif Tağıyev 17. Ceyhun Rəcəbli 57. Məzahir Əhmədov (20. Uğur Qarayev, 78) 18. Pərvin Kərimli (22. İsmayıl Əskərov, 87) 14. Rəhim Cəfərov 7. Nicat Oruclu 5. Sehran Abbasov 23. Fərid İslamzadə (15. Ümid Nağdalıyev, 83) 11. Fəzail Şirxanzadə 8. Nicat Sarıyev
Ehtiyat oyunçular: 13. Cəfər Abbasov 44. Elşad Mirzəyev 19. Məmməd Məmmədov 16. Ayhan Quluzadə
Baş məşqçi: Vüqar Nadirov
“Şahdağ Qusar”: 12. Rafiq Kərimov 14. Rahid Əmirquliyev (k) (21. Ruslan Ağalarov, 83) 88. Mehdi Rəsulov (70. Samir Qurbanov, 20) 11. Tural Qurbatov 7. Salman Atluxanov (17. Emin Quliyev, 83) 19. İlyas Səfərzadə 6. Vüsal Hüseynov 9. Famil Camalov (86. Xəqani Sadıxov, 66) 4. Rubin Seyidov 29. Elşən Veysov 77. Ədilxan Qarəhmədov (15. Nodar Məmmədov, 66)
Ehtiyat oyunçular: 1. Elmar Seyidov 99. Elmar Əzizov 10. Mehman Məsimov 71. Cavid Quliyev 38. Mehdi Əliyev 55. Firuz Əhmədov
Baş məşqçi: Elnur Abdullayev