Rayonun birinci şəxsi vəsait ayırdı, hamı ona qoşuldu, klub xilas edildi

16:00 II Divizion 1 013
Rayonun birinci şəxsi vəsait ayırdı, hamı ona qoşuldu, klub xilas edildi

Şəmkirin İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon ictimaiyyətinin bir qrupu ilə görüş keçirib.

Toplantı «Şəmkir»FK-ya dəstək üçün təşkil olunub.

Burada rayonun müxtəlif dövlət qurumları və bələdiyyə orqanlarının nümayəndələri, yerli şirkətlərin rəhbərləri, ayrı-ayrı imkanlı şəxslər iştirak edib.

2021-ci ilin sentyabrından bəri icra başçısı işləyən R.Tağıyev klubun mövcud vəziyyəti barədə danışıb, ona kömək məqsədilə tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Rayonun birinci şəxsi «Şəmkir»in vaxtilə ölkə çempionatında böyük uğurlar qazandığını vurğulayıb, həmin ənənənin bərpası üçün bütün futbolsevərlərin bu məqsəd ətrafında birləşməli olduğunu söyləyib, özünün də prosesdə fəal iştirak edəcəyini diqqətə çatdırıb, şəxsi büdcəsindən 500 manat ayırıb.

İcra başçısının təklifi dəstəklənib. Yerli rəsmi orqanlar və müəssisələrin təmsilçiləri, o cümlədən, iş adamları «Şəmkir»ə aylıq maliyyə vəsaiti ayrılmasına razılıq veriblər.

Bu məqsədlə bankların birində hesab açılıb. Ora hər ay müəyyən qədər pul köçürülür. Ay ərzində toplanan ianənin ümumi məbləği 12-20 min manat civarındadır.

Həmin vəsait komandanın əsas xərclərinin qarşılanmasına sərf olunur. Belə ki, Şəmkirə kənardan dəvət edilmiş 20 futbolçu yerli Olimpiya Kompleksinin mehmanxanasında yerləşdirilib.

Onlar gündə 3 dəfə qida ilə təmin edilir. Fonda yığılan məbləğ həmçinin bir neçə oyunçunun maşlarının ödənilməsi üçün nəzərdə tutulub.

II Liqada ikinci mövsümünü keçirən «Şəmkir» 17 tur ərzində 29 xal toplayıb. Qərb təmsilçisi hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti