
"AFFA əslində bizə texniki məğlubiyyət verməməli, oyunu təxirə salmalı idi".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın II Liqasında mübarizə aparan “Kür-Araz”ın prezidenti Mirheydər Səfiyev XIV turda “Şahdağ Qusar”la baş tutmalı olan oyuna getmədiklərinə görə AFFA İntizam Komitəsi tərəfindən verilən texniki məğlubiyyətə münasibət bildirərkən deyib.
O, hava şəraitinə görə problem yaşadıqlarını və yarıyoldan qayıtdıqlarını əsas gətirib:
“Məsələdən hər kəs - oyunun AFFA nümayəndəsi, rəqib komandanın xəbəri var. “Axırıncı aşırım” deyilən yer var, qar səbəbindən oradan keçə bilmədik. Keçmək mümkün deyildi, hər kəs maşınlarla geri qayıdırdı. Yolda qalan 15-dən çox avtomobil saydım. Hətta bəzi maşınlar sürüşürdü. Orada bir müddət qaldıqdan sonra biz də geri qayıtdıq. AFFA əslində bizə texniki məğlubiyyət verməməli, oyunu təxirə salmalı idi. Təbiət hadisəsidir, mən nə edə bilərəm? Biri var oyuna getməmək, biri də var gedə bilməmək. Biz, sadəcə, qar səbəbindən oyuna vaxtında çata bilmədik. Başqa yolla getməyi məsləhət görsələr də, artıq gec idi”.
Klub rəhbəri texniki məğlubiyyətlə razılaşmadığını deyib:
“Komandanın səfərinə xərc çəkmişik. Heç olmasa, oyunu təxirə salardılar. Texniki məğlubiyyət düzgün deyil, razılaşmıram. Ola bilsin, apellyasiya şikayəti edəcəyik. Məsləhətləşəndən sonra bu barədə qərar verəcəyik”.
Martın 1-də baş tutmalı olan “Şahdağ Qusar” - “Kür-Araz” matçı qonaq komandanın təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə baş tutmayıb. Nəticədə “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub həmçinin 400 manat cərimələnib.