
“Şəki Siti” sponsorla anlaşıb. “United Payment Azerbaijan” şirkəti II Liqada yarışan kluba maliyyə dəstəyi göstərməyə başlayıb.
Razılıq Futbolun İnkişaf Fondunun (FİF) “Biznes-klub” layihəsi çərçivəsində əldə olunub.
Daha bir neçə tərəfdaş da layihədə iştirak edəcəyini təsdiqləyib. Yaxın zamanda bununla bağlı tədbir təşkil olunacaq və yekun nəticələr ictimaiyyətə açıqlanacaq.
Şəki təmsilçisi 7 xalla 12-ci yerdədir. Komandanın bumövsümkü hədəfi çempionatda yerini qoruyub saxlamaqdır.
Əslində, “Şəki Siti”nin yeni tərəfdaş(lar) tapacağı gözlənilirdi. Bu, təəccüblə qarşılanmamalıdır.
Çünki klubun prezidenti Elgün Hüseynov son vaxtlar sosial şəbəkələrdə bir az da «qaza basmışdı».
FİF-in icraçı direktoru Tural Piriyevə açıq-aşkar yaltaqlanır, gözünə girmək üçün əlindən gələni beş qaba çəkirdi. Bunun üçün onun yanvarın 16-da yazdığı statusu yada salmaq kifayətdir.
Hüseynov Piriyevin fəaliyyəti ilə bağlı qələmə aldığımız xəbərə «özünəməxsus» şəkildə reaksiya verərək, saytımızı qərəzdə suçlamışdı.
Piriyevə yarınmaq üçün özünü yuyulmamış çömçə kimi ortalığa atan zat iddia etmişdi ki, guya biz FİF-in fəaliyyətinə kölgə salırıq.
Bu, həmin Elgün Hüseynovdur ki, «Sportinfo» daim ona və başçılıq etdiyi kluba ən çətin vaxtda hərtərəfli dəstək olub.
Əksər media orqanları «Şəki Siti»dən 1 cəmlə yazmadığı, yaşadığı çətinlikləri işıqlandırmadığı halda, biz onları daim gündəmdə saxlamışıq, rayonda futbolu yaşatmaq naminə həyata keçirdikləri ən xırda aksiyaları belə, ictimaiyyətin diqqətinə çatdırmış, çalışmışıq ki, kömək olaq.
Saytımızın sayəsində neçə-neçə şəxs «Şəki Siti»nin problemlərini öyrənib, birbaşa və dolayısı ilə köməklik göstərib, fəaliyyətini yarımçıq dayandırmasını əngəlləyib.
Üstəlik, Elgün Hüseynov 2 il əvvəlki hadisəni ömrü boyu unutmamalı idi, amma unutdu. Həmin vaxt Region Liqasında mübarizə aparan komanda ¼ final mərhələsində «Xəzər Lənkəran 42» ilə qarşılaşırdı.
Məhz «Sportinfo» ilk matçdan sonra cütün taleyinə təsir edəcək informasiya ilə gündəmə bomba kimi düşmüşdü. Lənkəran təmsilçisinin peşəkar statuslu 2 futbolçunun xidmətindən yararlanmaqla, çempionatın əsasnaməsini pozması faktını üzə çıxarmışdıq.
Türkmənistan Futbol Federasiyasından əldə elədiyimiz bilgiləri ictimailəşdirincə, AFFA işə qarışmış, öz tərəfindən araşdırma aparmış, yekunda «Sportinfo»nun de-şifrə elədiyi məlumatın doğruluğunu təsdiqləmişdi.
Federasiya «Xəzər Lənkəran 42»yə 0:3 hesablı texniki məğlubiyyət verincə, cavab görüşündə uduzmuş (0:2) Şəki komandası adını yarımfinala yazdırmışdı.
Elgün Hüseynov istər o vaxt, istərsə də ondan sonra saytımızın rəhbərliyi ilə söhbətində dönə-dönə «Sportinfo» ailəsinə təşəkkürünü bildirib.
Həmişə qeyd edib ki, bütün Azərbaycan «Sportinfo»nu necə obyektiv media orqanı olmasından xəbərdardır. Eləcə də özü.
E.Hüseynov yanvarın 16-da yazdığı statusdan sonra onunla əlaqə saxlayan saytımızın rəhbərliyindən təkrar-təkrar üzr istəyib. Səhvini başa düşdüyünü, həqiqətlə üst-üstə düşməyən fikirlərini postdan siləcəyini bildirib.
Amma o, sözünü tutmadı. Bizdə də belə qənaət formalaşdırdı ki, bu statusu sifarişlə yazıb. Ən pis halda isə Tural Piriyevdən umacağı olduğu üçün üzünə üz salıb.
Onun yazdıqları FİF-in icraçı direktorunun ürəyinə yağ kimi yaılmasaydı, statusun rəy bölümünə «Elgün, çox sağ ol.
Bölgələrdə futbolumuz sənin kimi fədakar insanların sayəsində yaşayır. Babək, xahiş edirəm, Elgünün bu paylaşımını nəzərə alaraq, növbəti sponsorluq imzalanması Şəkidə olsun» yazmazdı.
Göründüyü kimi, «Sportinfo» yenə «Şəki Siti»nin dadına yetişdi. Saytımız FİF-dən məlum xəbəri paylaşmasaydı, bu bölgə klubu hələ də dilənçi kökündə sürünəcək, Hüseynov yenə onun-bunun qapısı ağzında yatacaq, boynunu bükəcəkdi.
Sevinirik ki, yenə onun köməyinə yetişə bildik. «Şəki Siti»nin sayəmizdə himayədar tapmasından çox şadıq.
Bu proses Elgün Hüseynovun əsl simasını üzə çıxarsa və naşükür biri kimi özünü bizə tanıtsa da…
SPORTİNFO.AZ