Ötən ilin sentyabrında «Difai»dən ayrılan Elgiz Kərəmli yeni iş yerində növbəti problemlə qarşılaşıb.
Yanvarın əvvəlində «Şəfa»nın sükanı arxasına keçən gənc mütəxəssisin sərbəst fəaliyyətinə müdaxilələr artmaqdadır.
II Liqa təmsilçisi ilə 6 ay+1 illik müqavilə bağlamış çalışdırıcı, təəssüf ki, burada özünü suda balıq kimi hiss eləmir.
Rəsmilər onun sərəncamında görmək istədiyi 2 futbolçunu yenidən düşərgəyə qaytarıb. Söhbət Ülvi Quliyev və Comərd Baxşəliyevdən gedir.
Bundan öncə isə o, komandadan uzaqlaşdırdığı 7 oyunçudan ikisi - Elgin Abbaslı və Röyal Nəcəfovla əlaqəli sıxıntı ilə üzləşmişdi.
Onları kollektivin içində görünməsi gənc çalışdırıcını əsəbiləşdirib. Xidmətində maraqlı olmadığı oyunçuların məşqə çıxmasına etiraz edən Kərəmli bu barədə rəhbərliyə öz sözünü deyib.
Prezident Sərdar Salmanzadə isə Röyalla Elgünün komandaya faydasının dəyəcəyini deyərək, yola birlikdə davam etmələrini istəyib.
Ötən mövsüm «Difai»də işləmiş Kərəmli buna qarşı çıxıb. O, üstündən xətt çəkdiyi futbolçuların geri qaytarılacağı halda, vəzifəsini tərk edəcəyini bildirib.
Yeni baş məşqçinin təkidi öz işini görüb. Yönətim Nəcəfovla Abbaslıya 3 ayın kompensasiyasını ödəyərək, müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Yəqin ki, Elgiz Kərəmli Ülvi Quliyev və Comərd Baxşəliyevlə əlaqəli məsələdə eyni mövqeyi sərgiləyəcək. Ondan gözlənilən də elə budur.
Bu gün ayağını yerə bərk basmasa, sabah daha ciddi problemlərlə üz-üzə qalacaq.
Sabiq «Difai»çi, onsuz da, üzərinə böyük məsuliyyət götürüb - mövsümün qarşıdakı 13 turunda maksimum nəticə qazanmalı və çempionluq məqsədinə nail olmalıdır.
Paytaxt təmsilçiisi 13 tur ərzində 34 xal toplayıb. Onlar hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider «Şahdağ»dan geri qalırlar.
Əgər Qusar təmsilçisi birinciliyi əldən verməsə, «Şəfa» pley-offa yüksəlməlidir. Komanda I Liqanı 9-cu yerdə bitirən iştirakçıyla duellərdə hədəfinə çatsa, Kərəmlinin sözləşməsi avtomatik yenilənəcək.
Rəhbərlik ona inanıb gətiribsə, işləməsinə də imkan yaratmamalıdır. Göz verib, işıq verməmək nəyə lazım?
Dəvət etmisiz, indi qoyun rahat çalışsın.
Transferlərə böyük məbləğdə pullar xərclənirsə, Premyer Liqadan aylıq 3500-5000 manat maaşa futbolçular gətirilirsə, digər məsələlərdə baş məşqçinin xəbəri olmadan qərarlar vermək kluba yaraşarmı?
SPORTİNFO.AZ