Futbolumuzun daim qanayan yaralarından biri də maliyyə problemidir.
Sportinfo.az xəbər verir ki, bu çatışmazlıqlara bütün çempionatlarda rast gəlmək mümkündü ki, II Liqa öndə gəlir.
Bu liqada mübarizə aparan “Lerik”in maddi durumuyla bağlı narahatlıq xeyli artıb. Bu barədə Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev sosial şəbəkə hesabında paylaşım edib:
“FİF olaraq, bölgələrdəki futbol klublarında dayanıqlılığın təmin edilməsi üçün maliyyə kanalları formalaşdırmağa çalışırıq.
Təbii ki, bu nə qədər çox olarsa, bir o qədər sabitlik olar... “Lerik” kimi öz stadionu olmayan klublarda bunu etmək çox çətindir.
Çünki ilkin maliyyə formalaşdırılması oyun günü gəlirləri və auditoriyanın toplanması nəticəsində əldə olunan gəlirlər hesabına mümkündü.
Bu səbəbdən maliyyə dəstəyi cəlb etmək üçün hələ ki yalnız yerli sahibkarlarla görüşlər keçirmişik.
Bu vaxta qədər yalnız bir sahibkarın - Bəxtiyar Əliyevin müsbət cavab verməsinə baxmayaraq, İcra Hakimiyyəti başçısının da dəstəyi ilə növbəti görüşləri planlayırıq.
Paralel şəkildə yaxın zamanda geniş ictimaiyyəti əhatə edən bir layihəyə start verəcəyik.
Əsas çətinlik isə bu prosesə dəstək olacaq insanların azlığı, “networking”imizin zəif olmasıdı. Famil (“Lerik”in prezidenti Famil Məmmədov nəzərdə tutulur – red.), demək olar ki, tək qalıb.
Bunun üçün əslən Lerikdən olan tanıdığınız məşhurlar, ətrafı və ya sosial media əhatəsi geniş şəxslər, media nümayəndələri, ümumiyyətlə, bu prosesə könüllü dəstək ola biləcək sosial məsuliyyətli şəxsləri bizimlə əlaqələndirməyinizi xahiş edirəm. “Lerik”i birlikdə xilas edək.
Vəziyyət həqiqətən kritikdi. Bu, demək olar ki, son cəhddi”.