
AFFA-nın Hesabat Konfransında yeni baş katib Cahangir Fərəcullayevin səsləndirdiyi fikirlər futbol ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.
Federasiyanın baş katibi futbolumuzun mövcud durumunu obyektiv təsvir etməklə gələcəyə dair ümid yaradıb.
"Dinamo"nun prezidenti Yaşar Seyidov da gənc futbolçuların əsgərlik məsələsi mövzusunda baş katibdən dəstək gözləyir.
Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən Yaşar bəy gözləntiləri barədə danışıb:
"Bir neçə gün əvvəl Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovla görüşümüz oldu. Həm yazılı, həm də şifahi şəkildə fikirlərimizi ona çatdırmışıq.
Sağ olsun, çox yaxşı qəbul etdi. Diqqətlə qulaq asdı, məsələnin incəliklərinə varmağa çalışdı.
Lakin bu məsələnin həlli PFL-ə yox, AFFA-ya bağlıdır. Elxan müəllim də liqanın rəhbəri olaraq futbolçuların əsgərlik məsələsi ilə bağlı durumu AFFA rəhbərliyinə çatdıracağını dedi.
Açığı, federasiyanın baş katibi Cahangir Fərəcullayevlə də bu barədə danışmağa çalışacam. Çünki Daxili İşlər naziri cənab Vilayət Eyvazov bu məsələnin həlli üçün sərəncamında olan qurumlara tapşırıqlarını verib, qalıb AFFA.
Bizim də Cahangir bəyə ümidimiz böyükdür. Hesabat Konfransında səsləndirdiyi fikirlərdən hiss olunur ki, iş görmək istəyir, futbolumuza fayda verməkdə israrlıdır.
Onunla görüşməyə çalışacam. Qoy, o da proseslərin hansı mərhələdə olmasından məlumatlansın".