AFFA İntizam Komitəsi II Liqa təmsilçisi "Qusar"a texniki məğlubiyyət verib.
Sportinfo.az verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb.
Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub həmçinin 300 manat cərimə edilib.
Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.
Saytımız müxtəlif mənbələr vasitəsilə əsl həqiqəti öyrənib.
Redaksiyamıza bəlli olub ki, “Qusar” rəhbərliyi bir həftə öncə Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, sözügedən matçın 1 gün əvvələ və ya 1 gün sonraya keçirilməsini istəyib. Onlar bildirib ki, komandanın bir neçə aparıcı futbolçusu minifutbol
çempionatında forma geyinir. Hər həftənin üçüncü günü bu yarışda oyunlar keçirilir. Tək Qusarın eyniadlı təmsilçisinin deyil, II Liqanın digər iştirakçılarının formasını geyinənlər minifutbol çempionatında çıxıq eləyir və maaş alır.
II Liqanın yarımhəvəskar turnir statusu daşıması da, əslində, bundan irəli gəlir. PFL öncədən razılaşıb ki, II Liqada mübarizə aparan futbolçular paralel olaraq, minifutbolda, yaxud futzalda da meydançaya çıxa bilər.
Di gəl, PFL bu dəfə «Qusar»ın haqlı çağırışını qulaqardına vurub, oyunu ertələməkdən və ya vaxtını irəli çəkməkdən boyun qaçırıb.