«Şəfa» II Liqada çempionluq yürüşünü davam etdirir.
Nadir Əliyevin çalışdırdığı komanda Şəki səfərindən də 3 xalla döünb.
Paytaxt təmsilçisi yerli «Şəki Siti»nin qapısından 4 cavabsız top keçirib. Onlara bunun üçün 45+2-ci dəqiqəni gözləmək lazım gəlib.
Elvin Nəsibov fasilənin elan olunmasına saniyələr qalmış yaxın məsafədən qapını nişan alıb. İkinci hissənin əvvəlində qolların davamı gəlib.
Öncə Elvin künc zərbəsindən qapı önünə göndərilən asmanı başla tora qovuşdurub. Ardınca Elməddin Hüseynzadə komanda yoldaşının qapı tirindən dönən topunu ələ keçirərək, fərqlənib.
Son nöqtəni Rauf Məhərrəmov qoyub. O, 87-ci dəqiqədə «çərçivə»nin uzaq küncü nişan alınıb: gözəl qol alınıb.
«Şəki» oyunboyu passiv təsir bağışlayıb. Maliyyə problemləri yaşayan, həftə ərzində məşq keçməyən, yalnız matç günü bir araya gələn futbolçular olduqca əhvalsız görünüb.
Bu, statistik göstəricilərdə də öz əksini tapıb. Yerli komanda yalnız bir dəfə qonaqların qapıçısını oyuna qoşa bilib, onda da top onun üstünə gedib.
SPORTİNFO.AZ