COP29

Azərbaycanda klub yaşamaq üçün ağac satmağa başladı - FOTOLAR

09:40 II Divizion 422
Azərbaycanda klub yaşamaq üçün ağac satmağa başladı - FOTOLAR

Bu ilin əvvəlindən etibarən maliyyə dayaqlarını itirən «Şəki Siti» həyatda qalmaq üçün «ölüm-qalım» mübarizəsi verir.

II Liqada ikinci sezonunu keçirən bölgə klubu fəaliyyətini davam etdirməkdən ötrü bütün mümkün vasitələrə əl atır.

Ötən həftə Mesut Özili Şəkiyə gətirməyə və stadionda nitq söyləməsinə müvəffəq olan Elgin Hüseynov yeni ideyanı həyata keçirməyə başlayıb.

“Yaşıl Gələcək!” adlnan aksiya barədə klubun prezidenti bunları yazıb:

“Klub olaraq, həm idmana, həm də cəmiyyətimizə xidmət etməyə davam edirik!

Son oyunlara, demək olar ki, Mesut Özilin Şəkiyə səfəri və imzalı biletlərin satışından toplanan vəsaitlə çıxdıq. Çətinliklərə baxmayaraq, mübarizəmizi davam etdiririk.

İndi isə Şəkinin təbiətini gözəlləşdirmək və eyni zamanda, klubumuza dəstək olmaq üçün yeni bir təşəbbüs başladırıq. Bizə bir xeyirsevər dostumuz tərəfindən 200 ədəd şam ağacı hədiyyə edilib (ağacların hündürlüyü 3,5 - 4 metr)

Bu ağacları şəhərimizdə planlanan bir ərazidə əkib, yaşıl bir mühit yaratmağı düşünürük.

Sizə isə bir fürsət təklif edirik: 20 AZN-ə 1 şam ağacı alın. Bu ağacı biz sizin adınızdan təbiətə bəxş edək.

Hər ağacın yanında adınız yazılmış kiçik lövhəcik olacaq. Bu cür həm komandanızı dəstəkləmiş olacaqsız, həm də gələcək nəsillər üçün yaşıllıq bir ərazi yaratmağımıza kömək edəcəksiz.

20 AZN ödəməklə, şəhərimizin futbol klubuna və şəhərimizə nəfəs verin, adınızı gələcəyin yaşıl ağaclarına həkk edin! Ağacları yalnız bağışlamaq yox, həm də özünüz üçün ala bilərsiz.

“Şəki üçün yaşıl gələcək aksiyası” artıq gözəl nəticələr verməyə başlayıb! İlk 24 saat ərzində 26 nəfər aksiyamıza qoşulub və onlardan 17 nəfəri artıq ödənişini edib.

Bu, həm təbiətimiz, həm də futbol komandamız üçün böyük bir dəstəkdir! Bu təşəbbüs, sadəcə ağac əkməkdən ibarət deyil - gələcəyimizin, uşaqlarımızın daha yaxşı yaşam səviyyəsinə yüksəlməsi üçün atılan kiçik, amma önəmli addımlardır.

Futbol sayəsində bu uşaqların həyatına müsbət təsir edə bilərik, onların uğurlu gələcəyi üçün yol açırıq.

Aksiyaya dəstək olmaq istəyənlər, sizi də gözləyirik. Bizə dəstək olan dostları təbrik edirəm - adlarınız təbiətin və futbolun yaşıl yaddaşında qalacaq!».

«Şəki» bu gün doğma rayonda 8-ci turun matçına çıxacaq. Saat 14:00-da başlayacaq oyunda rəqib «Şəfa»dır.

E.Hüseynov saytımıza verdiyi açıqlamada bu qəbildən olan aksiyaları gələcəkdə də davam etdirəcəklərini bildirib:

«Bu aksiyanı başlatmaqda məqsəd növbəti oyuna çıxa bilmək üçün vəsait toplamaqdır. Başqa çıxış yolumuz yoxdur.

Yerli İcra Hakimiyyətindən və iş adamlarından heç bir dəstək ala bilmirik. Nə çağırış etmişiksə, hamısı nəticəsiz qalıb.

Keçən dəfə Mesut Özilin imzası olan 32 bileti satışa çıxardıq. 100 manatlıq biletlərin cəmi dördünü sata bildik.

O 400 manatla Şamaxıya səfər etdik, «Şahdağ»la oynadıq. Qida və digər bəzi xərcləri bu məbləğlə ödədik.

İndi isə şam ağaclarını tamamilə sata biləcəyimizə ümid edirik. Yəqin ki, bu, son olmayacaq. Gələn həftələrdə də başqa ideyalar üzərində fikirləşəcəyik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?