COP29

Azərbaycan futbolunda yeni intriqa - Qisas baş tutacaqmı?

15:00 II Divizion 348
Azərbaycan futbolunda yeni intriqa - Qisas baş tutacaqmı?

İkinci Liqanın 5-ci turunun maraqlı qarşılaşmalarından biri Qubada baş tutacaq.

Burada "Hypers Guba" "Füzuli"ni qonaq edəcək.

Düşünə bilərsiniz ki, çempionluğa iddialı Şimal təmsilçisi ilə autsayder arasında olan matç niyə maraqlı olsun ki?

Bəli, iddiaları, büdcələri və şəraitləri baxımından iki klub arasında ciddi uçurum var.

Amma prinsipial oyunlarda belə şeylər arxa plana keçir. Meydandakı mübarizə, istək ön plana çıxır.

Qələbəni daha çox istəyən sonda gülən tərəf olur.

Bəs tərəflər arasındakı prinsipiallıq haradan yaranıb?

Ötən mövsümün başa çatması ilə intriqanın əsası qoyulub.

Belə ki, Həvəskarlar Liqasının gümüş medalçısı olan "Hypers Guba" yayda ciddi dəyişikliklərə getdi.

Heyətin böyük əksəriyyəti ilə yollar ayrıldı.

Bu da klubla gedənlər arasında narazılıq yaratmış oldu.

Quba təmsilçisinə lazım olmayan oyunçular sonda "Füzuli"yə üz tutdular.

Sayları isə ən azı 10 nəfər.

Həmin futbolçular bu dəfə "Hypers Guba"nın önünə təkcə qələbə qazanmaq üçün yox, həm də qisas almaq üçün çıxacaqlar.

Həftələrdi bu günü gözləyirlər. Çempionluq yolunda sabiq komandalarına zərbə vurmaq üçün. Motivasiya ən üst həddədir.

Özlərini təsdiqləmək, yayda göndərilməklərinin yanlış addım olmasını isbatlamaq üçün meydana ayaq basacaqlar.

Qısası, 90 dəqiqədən sonra ya baş məşqçi Vüqar Nadirovun seçimləri özünü doğruldacaq, ya da qərarı həzm etməyən "Füzuli"li futbolçuların iddiası.

Maraq üçün bildirək ki, arxada qalan 4 turda "Hypers Guba"nın aktivində 9 xal, "Füzuli"nin isə 4 xal var.

Quba Olimpiya Kompleksinin stadionunda baş tutacaq qarşılaşma 16:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti