COP29

Lənkəranda qol vurdu, qarnını tutub yerdə qaldı - VİDEO

29 Sentyabr 23:45 II Divizion 987
Lənkəranda qol vurdu, qarnını tutub yerdə qaldı - VİDEO

II Liqada dördüncü həftə arxada qalıb.

"Lerik" Lənkəranda "Göygöl"ü qəbul edib.

Yerli Olimpiya Kompleksində baş tutan görüş qonaqların qələbəsiylə yekunlaşıb - 1:2.

Hesab ilk hissənin sonuna yaxın açılıb. Elcan Rəhimov 43-cü dəqiqədə cərimə meydançası daxilindən yaxın küncü nişan alıb.

Fasiləyə kimi ərazi üstünlüyünü əlində saxlamış, yaratdığı iki-üç epizodu dəyərləndirə bilməmiş leriklilər yalnız ikinci yarının əvvəlində istəyinə çatıb.

Valid Yusubzadə sol cinahdan göndərilən hava ötürməsini başla tora qovuşdurub. İki müdafiəçinin arasından zərbə endirməyə fürsət tapan kapitan qarın nahiyəsindən zərbə alıb.

Qoldan sonra yerə yıxılıb qalan «42 nömrə» sevincini komanda yoldaşlarıyla bölüşə bilməyib.

«Lerik» 1:1 nail olan kimi ruhalanıb, «Göygöl»ü daha çox sıxıb. Bir fraqmentdə isə Rövşən Rəcəbovun fiti susub.

Baş hakim cərimə meydançası daxilində kobudluğa əl atan qonaqların müdafiəçisini bağışlayıb və penalti təyin etməyib.

Axır 10 dəqiqədə yorulub haldan düşən cənub təmsilçisi cəzalanıb. Düzdür, «göylər» öncə topu son anda boş qapıdan çıxara bilib, lakin növbəti əks-hücumda İsa Bayramov adını qol vuranların siyahısına daxil edib.

Beləcə, «Göygöl» mövsüm ərzində ilk qələbəsini əldə edib.

SPORTİNFO.AZ

“Lerik” – “Göygöl” 1:2

Qollar: Valid Yusubzadə 49 // Elcan Rəhimov 43, İsa Bayramov 86
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Niyaz Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Lənkəran OİK stadionu

Digər Xəbərlər
Xəbər Lenti