II Liqada 4-cü turun görüşləri keçirilib.
"Füzuli" Şamaxıda "Dinamo"nu qəbul edib.
Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Hərçənd matçın əvvəli bu nəticədən xəbər vermirdi.
"Füzuli" artıq 19-cu dəqiqədə iki top fərqlə irəli çıxmışdı. Fuad Məmmədzadə və Cəsur Hüseynov 2 dəqiqəlik arayla qonaqların qapısına yol tapmışdı.
Hesab nominal ev sahiblərini çox arxayınlaşdırdı. «Polislər» bundan 35-37-ci dəqiqələrdə istifadə etdi.
Öncə Əlisa İsayev cinah ötürməsini tora qovuşdurdusa, ardınca Valeh Seyidov penaltini dəqiq yerinə yetirdi. Gəl ki, Valeh az sonra ikinci sarı vərəqə alaraq, qonaqları azlıqda buraxdı.
Klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu rəqibə qarşı kobudluğa görə vaxtından əvvəl paltardəyişmə otağının yolunu tutdu.
Daxili İşlər Nazirliyinin təmsilçisi bu itkiyə rəğmən, ikinci hissədə fırtına kimi əsdi. Fiziki cəhətdən yorğun görünən «Füzuli»ni daha iki dəfə cəzalandırdılar.
İkinci hissədə meydana daxil olmuş Əkbər Səfərzadə və Tərlan Veysəlli adını tabloya yazdırdı. Xüsusən sonuncunun vurduğu qolu fərqləndirməliyik.
O. Qurban Qurbanovun 2002-ci ildə Serbiya və Çernoqoriyanın qapısına yol tapdığı epizodu təkrarladı. Qol onda olduğu kimi alındı.
Ardıcıl ikinci qələbəsini qazanan və xallarını 6-ya yüksəldən "Dinamo" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Füzuli" isə 9-cu yerdədir.
"Füzuli" - "Dinamo" 2:4
Qollar: F. Məmmədzadə, 17, C.Hüseynov, 19 - Ə.İsayev, 35, V.Seyidov, 37 (pen), Ə.Səfərzadə, 68, T.Veysəlli, 69
Qırmızı vərəqə: V.Seyidov, 42 ("Dinamo")
SPORTİNFO.AZ