COP29

“İndi sponsorumuz yoxdur, futbolçulara borclarımız qalıb”

22 Sentyabr 01:10 II Divizion 699
“İndi sponsorumuz yoxdur, futbolçulara borclarımız qalıb”

Ötən mövsümün sonlarında II Liqada çempionluğu əldən verən “Füzuli” bu mövsüm zəif təsir bağışlayır.

Sportinfo.az xəbər verir ki, İddialı komandadan əsər-əlamət qalmayıb.

İlk turda “Lerik”ə uduzan, 2-ci turda “Qusar”la heç-heçə edən Qarabağ təmsilçisi ilk qələbəsini üçüncü cəhddə qazandı.

Bəs nəticələr niyə pisləşib? Bununla bağlı fikirlərini öyrənmək üçün “Füzuli”nin meneceri Rəşad Babayevlə əlaqə saxladıq ("Futbol+"):

“Açığı, köhnə ildən qalan problemlər yeni mövsüm barədə nikbin düşünməyə mane olur. Ötən mövsümdən fərqli, təəssüf ki, bu dəfə klubun maliyyə vəziyyəti heç ürəkaçan deyil.

Çoxsaylı müraciətlərimizə baxmayaraq, "Füzuli" hələlik sponsorsuzdu. Təsəvvür edin: 135 minlik Füzulini peşəkar liqada təmsil edən kluba maliyyə dəstəyi tapmaqda çətinlik çəkirik.

Halbuki 30 il işğalda qalmış, futbol və idman infrastrukturu dağıdılmış Füzulidə belə bir komandanın varlığı, meydanda olması bir çox yerli iş adamları, əsli-kökü Füzulidən olan biznesmenlər üçün də əlavə motivasiya olmalıydı.

Amma dəstəyimiz yoxdu. Bu isə işləri korlayır. Ötən mövsümdən sabiq futbolçularımıza borclarımız qalıb.

Bunu həll etməyə çalışırıq. Klub o zaman yüksək yerlərə iddialı olur ki, bu hədəfə çatmaq üçün yaxşı heyəti olsun.

Bu heyəti qurmaq üçün klubun maddi durumu, təminatı yaxşı olmalıdı. Ötənilki heyətimizdəki futbolçuların, demək olar, böyük bir qismi başqa klublara transfer olundu.

Yeni mövsüm üçün komplektləşdirdiyimiz heyət isə tam yenidi. Təcrübəli oyunçularımız var və iddialı rəqiblər üçün ciddi başağrısı ola biləcək komanda qurmağa çalışırıq.

Bilirsiz ki, mövsüm yeni başlayıb, çempionat uzun bir marafondu. Bu heyətlə hansı hədəflər üçün oynayacağımızı indidən deməyimiz erkən olar.

Yeddi-səkkiz turdan sonra hədəflər, məqsədlər barədə danışa bilərik. İlk yerlər uğrunda mübarizəmiz alınmasa da, ikinci liqa təmsilçisi kimi yolumuza davam edəcəyimizi deyə bilərəm”.

Xəbər Lenti