II Liqada medallara iddialı iştirakçıların sayı çoxdur.
«Şəmkir» və Region Liqasından gələn «Hypers» də bu siyahıdadır.
Şəmkirdə keçirilən qarşılaşmaya maraq böyük idi. Yerli komanda və publika matça ciddi hazırlıq görmüşdü.
Rayonun mərkəzinə və ətraf kəndlərinə afişa vurulmuş, dəstək istənilmişdi. Azarkeşlər çağırışa biganə qalmamışdı - Olimpiya Kompleksinin stadionuna 800-dən artıq adam gəlmişdi.
Şəmkirlilər ilk dəqiqələrdən irəli atılıb hesabı erkən açmağa planlaşdırmışdı. Təhlükəli epizodlar yaratmağa müvəffəq olsalar da, heç cür tora yol tapa bilmirdilər.
Fərdi ustalıq ön plana çıxdı - Ravil Yusifli 25, Cavid İmamverdiyev 52-ci dəqiqədə fərqləndi.
Xüsusən ikincinin cərimə meydançasının həndəvərindən vurduğu qolu görməyə dəyərdi. Həqiqətən təcrübə böyük qüvvədir və istənilən an dada yetişir!
Bura qədər oynayan «Şəmkir», nəticəyə doğru irəliləyən «Hypers» idi. 60-cı dəqiqədən başlayaraq vəziyyət dəyişdi, gənclər yığmasının sabiq hücumçusu Vidadi Cəfərov səhnəyə çıxdı.
İri cüssəli forvard 17 dəqiqə aralığında iki dəfə penalti qazandı və fürsəti qaçırmadı. Quba təmsilçisi artıq meydanda 9 nəfər qalmışdı.
Rəqibi aşkar qol vurmaqdan məhrum etmiş Rəhim Cəfərov birbaşa qırmızı vərəqə almışdısa, Nicat Oruclu 75-ci dəqiqədə ikinci «sarı»nı önündə görərək, meydandan çıxarılmışdı.
Belədə «Şəmkir» qələbəyə daha yaxın görünürdü. Say üstünlüyündən yararlanan qərblilər hücumların ardıcıllığını təmin eləsə də, növbəti qol yenə qonaqlardan gəldi.
Hüseyn Manaflının ara ötürməsinə vaxtında açılan Ravil müdafiəçiləri qabaqlayaraq qapını dəqiq nişan aldı.
Referi Səbuhi Bayramov final fitini səsləndirəndə isə «Şəmkir»in demək olar bütün futbolçuları yerə yıxıldı. Heç biri gözlərinə inana bilmirdi.
SPORTİNFO.AZ
Şəmkir OİK stadionu. 800 tamaşaçı |
|
|
||
|