Bu mövsümdən II Liqada mübarizə aparacaq «Araz Saatlı»ya yeni sponsorun gəlməsi gündəmdədir.
Hər halda klubun prezidenti Ədalət Abdullayev Sportinfo.az-a belə deyib.
Aran təmsilçisinin başçısı bildirib ki, bu ay sponsor məsələsi ilə bağlı danışıqların yekun mərhələsi olacaq:
«Ondan sonra hədəflərimizi müəyyənləşdirib, ictimaiyyətə məlumat verəcəyik. Saatlı camaatı da klubla yaxından maraqlanır.
İanə kampaniyası təşkil etmək istəyirlər. Bizə deyirlər ki, hesab açın, ora köçürmə edək».
«Araz Saatlı» ötən mövsüm I Liqada yarışıb. Debütant normal mövsümü 10-cu pillədə başa vurub.
Lakin AFFA-nın «İrəvan»ı çempionatdan kənarlaşdırmasından sonra komanda «Cəbrayıl»la pley-off oyunları keçirmək fürsəti əldə edib.
Şəhriyar Məmmədovun çalışdırdığı kollektiv bu imkanı dəyərləndirməyi bacarmayıb. II Liqada ikinci yeri tutmuş rəqibə 0:2 və 1:3 hesabıyla uduzaraq, I Liqa ilə vidalaşıblar.