“Çempionatda iştirak edəcəyi ən sonda dəqiqləşən iki komandadan biriyik.
Yaxşı hazırlıq keçmək və güclü heyət formalaşdırmaq üçün vaxtımız olmadı”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Dinamo”nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.
II Liqada mübarizə aparan klubun rəhbəri ilk mövsümü turnir cədvəlinin orta sıralarında bitirmək istədiklərini bildirib:
“Çempionatın ən gənc heyəti bizdədir. Komandamızın özəyini Cavadov adına Bakı Futbol Akademiyasının yetirmələri təşkil edir.
19 yeniyetmə və gənci oradan götürmüşük. Onlar da yavaş-yavaş təcrübə toplayırlar. Bu uşaqlara bir az vaxt lazımdır.
Qış fasiləsinə 9-cu yerdə çıxmışıq. Martın əvvəlində ikinci dövrə başlayacaq.
İkinci Liqada mübarizə gərgin keçir. Məqsədimiz beşinci-altıncı yerlərə kimi yüksəlməkdir.
İnanıram ki, bunu bacaracağıq. Bu fasilə dönəmində komandada bir sıra dəyişiklər etmişik.
Beş-altı nəfərlə yollarımız ayrılıb. Dörd yeni futbolçu gətirmişik”.