COP29

PFL rəhbərliyi bu şəxsin haqqını necə "yeyib"?

7 Avqust 15:00 II Divizion 2 344
PFL rəhbərliyi bu şəxsin haqqını necə "yeyib"?

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına iyulun ortasında aydınlıq gəldi.

AFFA həmin iştirakçının "Şəfa" olacağını açıqladı.

Elan olundu ki, bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr yekunlaşıb.

"Şəfa" yeni mövsümdən II Liqada çıxış etmək uğrunda pley-off mərhələsində "Hypers"ə məğlub olmuşdu.

Buna baxmayaraq, komandanın bir neçə gün əvvəl Azərbaycan çempionatlarından kənarlaşdırılan "İrəvan"ın əvəzinə II Liqada oynamasına qərar verilib.

"Göyəzən"də məşqçi işləyən Anar Pirvəliyev bununla bağlı saytımızın sosial şəbəkə hesabında rəy yazıb. Gəlin, onun fikirlərini ilə tanış olaq:

"Şəfa" Region Liqasına düşüb. Amma düşəndən sonra klubu pullu adam aldı.

"Ümid Saatlı"ya isə dedilər ki, gəlin, "Şəfa" ilə oynayın, udan II Liqada qalsın.

Onlar da etiraz etdi ki, "Şəfa" Region Liqasına düşüb, biz "Kümrük Qax"la oynamalıyıq. Razı olmadılar. "Şəfa"nın pulu çoxdur deyə qaldı".

Yəqin ki, AFFA və Peşəkar Futbol Liqasının (PFL) məsul şəxsləri zəhmət çəkib bu iddialara aydınlıq gətirərlər. Onsuz da, ciddi işlərlə məşğul olmurlar, boş vaxtları çoxdur.

PFL rəhbərliyi son 2 ildə klublar arasında ayrı-seçkilik hallarına yol verib. Bu hal yalnız Premyer Liqada deyil, habelə aşağı liqalarda da yaşanır.

"Araz Saatlı" ilə əlaqəli məlum qalmaqalı yada salmaq kifayətdir. Altı 6 il əvvəl Saatlıda klub yaratmış şəxsi "sizin savadınız yoxdur" deyib, kənarda saxladılar.

Təfərrüata çox varmaq istəmirik indi, çünki bu barədə zamanında yazmışıq, PFL başbilənlərinin xoşagəlməz əməlinin üstünü açmışıq.

Əslində, II Liqada iştirak bu dəfə "Ümid"in haqqı idi. Anar Pirvəliyev doğru qeyd edib. Region Liqasında üçüncü yeri tutmuş komanda bir üst çempionata buraxılmalı idi.

Çünki "Şimal" (Xaçmaz) çempion olmuşdusa, "Hypers" pley-off cütünün qalibi kimi bu vəsiqəni əldə etmişdi. "İrəvan" IL Liqadan kənarlaşdırılıbsa, niyə Saatlı təmsilçisi kənarda saxlanılmalı, "Şəfa" önə çəkilməlidir?

O da çox maraqlıdır ki, PFL eyni adama qarşı qərəzli yanaşma sərgiləyir. Burada biz Xəyal Məmmədovdan danışırıq.

PFL Saatlıdan olan bu futbol fədaisinin yaratdığı «Araz Saatlı»nı ötən yay I Liqaya həsrət qoydu, indi də «Ümid»i görməzdən gəlir.

Hansı ki, bu komandanı da elə X.Məmmədov ərsəyə gətirib. Adam Saatlıda futbolun olması üçün heç kimin eləmədiyini edir.

Əlindəki məhdud imkanlarla iki dəfə komanda yarat, ikisində də kənarda saxlan - görəsən, o, daha nə etməlidir ki, PFL-in idarəçiləri və ağıl verənləri haqqı nahaqqın ayağına verməsin?

Sən yerlərdə əziyyət çəkən, xərcə düşən şəxslərin əməyini yerə vur, sonra da utanmaz-utanmaz de ki, biz bölgələrdə futbolun inkişafına dəstəyik.

Budur, sizin dəstəyiniz?

Day onda sizin Elxan Məmmədovdan nə fərqiniz oldu? Yox, nə fərq olsun, PFL Ramin Musayevdən sonra elə tamamilə Elxan Məmmədovun adamlarının əlinə keçib də.

AFFA-nın sabiq icraçı vitse-prezidentinin açdığı «cığır»la gedirlər…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…