I Liqada 22-ci tur arxada qalıb.
Hesabat həftəsinin ən gərgin və maraqlı matçlarından biri Şamaxıda keçirilib.
Rəqiblərini burada qəbul edən «Difai» çempionluğa iddialı «İmişli» ilə qarşılaşıb.
Bəribaşdan deyək ki, «fədailər» mövsüm ərzində nə gözəl oyunlarından birini iddialı rəqibi önündə sərgiləyib.
Elgiz Kərəmlinin sezon ərzində ilk dəfə tətbiq etdiyi taktiki plan tutub. 5-3-2 sxemi işləyib, nəticədə çempionatın ən sürpriz nəticələrindən biri qeydə alınıb.
Qarşılıqlı hücumlarla başlayan görüşdə hesabı Bayraməli Qurbanov açıb. Qış fasiləsində «Araz-Naxçıvan»dan icarəyə götürülən vinger 29-c dəqiqə Marko Van Basteni yada salıb.
Niderlandlı ulduzun AVRO-1988-in final matçında SSRİ-yə vurduğu qolun bənzərinə imza atan Qurbanov tribunanın alqışını qazanıb.
Qonaqlar buna Ezekiel Morqanla cavab verməyə yaxın olsa da, qanalı yarımmüdafiəçinin cərimə meydançasının önündən endirdiyi zərbə qapı tirinə tuş gəlib.
Əvəzində B.Qurbanov yenidən dqqət mərkəzinə düşüb. O, bu dəfə qol pasıyla «fədailər»in üzünü güldürdü. Qurbanovun cinah ötürməsini qəbul edən Ramin Süleymanov hesabı 2:0-a çatdırıb.
Gedişat Əsgər Abdullayevi şoka salmışdı. Gedişatı dəyişdirmək üçün əlində 12-13 dəqiqə olan imişlilərin çalışdırıcısı fasilədən az sonra əvəzetmələrə əl atdı.
Millinin müvəqqəti baş məşqçisi Arif Əsədovun oğlu Gülağanın 47-ci dəqiqədə fərqlənməsi qonaqları geridönüşə ümidləndirdi.
«Difai» əl-qolunu yanına salmadı, təhlükəli əks-hücumlar yaratdı. Kristian Kamtanın vuruşu dirəkdən döndü, Bayaməli Qurbanovun zərbəsində azacıq dəqiqlik çatmadı.
65-ci dəqiqədən sonra təzyiqi artıran və ərazi üstünlüyü əldə edən «İmişli»yə Tural Qurbanov da simpatiya bəsləyib.
Referinin bir çox hallada qonaqların lehinə qərarlar çıxarması, qapıya yaxın istiqamətlərdə yerli-yersiz cərimə zərbələri təyin etməsi nominal ev sahiblərində stressi artırıb.
«Fit sahibi» müəyyən aralarla «fədailər»ə 5 sarı vərəqə göstərib. Bununla belə, ikincilərin gücü yalnız bərabərlik qoluna çatıb. Sağ cinah asmasını qəbul edən Xəzər Mahmudov yaxın məsafədən başla toru silkələyib.
Beləcə, «İmişli» çempionluq yolunda ağır yara alıb və «Qaradağ Lökbatan»ın 5 xal gerisinə düşüb. «Difai» isə son pillədəki «Araz Saatlı» ilə arasında xal fərqini 7-yə çatdırıb.
SPORTİNFO.AZ
Şamaxı şəhər stadionu. 200 tamaşaçı |
|
||
|