Dirsək atdı, qovulmadı, ara qarışdı: “Qoy, bir dəfə də onların hesabına qələbə qazanaq" - VİDEO+FOTOLAR

09:40 I Divizion 461
Dirsək atdı, qovulmadı, ara qarışdı: “Qoy, bir dəfə də onların hesabına qələbə qazanaq" - VİDEO+FOTOLAR

I Liqada 23-cü tura start verilib.

Çempionatda qalmaq uğrunda mübarizə aparan "Qaradağ Lökbatan" təmsilçisi olduğu qəsəbədə "Difai"ni qəbul edib.

Yerli Olimpiya Kompleksinin stadionuna toplaşanlar iki fərqli hissə izləyib. Qonaqlar hesabı erkən açıb - kapitan Seymur Əliyev kornerdən havalandırılan topu başla qapıdan keçirəndə, dəqiqələr 9-u göstərirdi.

Bu cür başlanğıcı gözləməyən "Qaradağ" irəli atılsa da, Araz Abdullayevin uzaq məsafədən endirdiyi zərbələrdən başqa heç nə ilə yadda qalmayıb.

"Difai" isə fasiləyə iki top fərqiylə yollanmaq fürsəti əldə edib. Ömər Məmmədzadənin başladığı əks-hücumun davamında Kristan Kamtadan ötürmə alan Muhammed Alfanın fərqlənməsinə qapıçı mane olub.

Fasilədən sonra meydanda çox şey dəyişib. Premyer Liqa hakimi Fərid Hacıyev obyektivlik hissini birdən-birə itirib.

İlk yarıda normal idarəçilik etsə də, ikinci hissədə "Qaradağ"a tərəf "yıxılıb". Referi bir neçə epizodda "Difai"nin əleyhinə kobud səhvlərlə yadda qalıb.

Alfa və Kamtaya qarşı aşkar qayda pozuntularına göz yumub. Həmçinin rəqib oyunçuların sifətinə iki dəfə dirsək zərbəsi endirən Araz Abdullayevə qırmızı vərəqə göstərməyə özündə cəsarət tapmayıb.

"Fit sahibi"nin dəstəyindən ruhlanan "Qaradağ"a "Difai"nin qapıçları da "köməklik göstərib". Sahib Həsənov 52-ci dəqiqədə Nurlan Novruzovu cərimə meydançasından kənarda kobudluqla dayandırıb.

O, ləng tərpəndiyindən, topa birinci çatmayıb və yoldaşlarının işini çətinləşdirib. Cərimə zərbəsindən qapı istiqamətinə vuruşun qarşısını əllə kəsən Kamta isə penaltiyə səbəb olub.

"Çərçivə"də Sahib Həsənovu əvəzləmiş Nail Alışov Araz Abdullayevin fərqlənməsinə mane ola bilməyib. "Neftçi"nin sabiq yarımmüdafiəçisi 75-ci dəqiqədə dubla imza atıb.

Yenə qapıçının mövqe xətasından sonra təyin olunan künc zərbəsi zamanı. Alışovun növbəti xətası Hakan Həsənovu qol müəllifi edib.

Gənc yarımmüdafiəçinin uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsi bir elə güclü olmasa da, o, topu əlində saxlaya bilməyib.

Final fiti verilən kimi stadionda gərgin ab-hava yaranıb. "Difai"nin baş məşqçisi Aydın Qasımov və futbolçuları birtərəfli hakimliyə sərt təpki göstərib.

Araz Abdullayevin reaksiyası isə özlüyündə hər şeyi deyir: "Hakimlər həmişə bizi sıxmayacaqlar ki… Qoy, bir dəfə də biz onların hesabına qələbə qazanaq".

Bu matçdan sonra "Qaradağ Lökbatan" 22 xalla sonuncu-onuncu, eyni xala sahib "Difai" isə doqquzuncu pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

"Qaradağ Lökbatan" - "Difai" 3:1
Qollar:
Araz Abdullayev, 58 (p.); 75; Hakan Həsənov, 84 // Seymur Əliyev, 9
Lökbatan OİK stadionu. 150 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Rasim Axundov
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Tunar Mütəlimov, 78 (qeyri-idman hərəkəti); Hakan Həsənov, 84 (qeyri-idman hərəkəti) // Arzu Atakişiyev, 83 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Sahib Həsənov, 52 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyi üçün)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

“Qaradağ Lökbatan”
25. İlnur Valiev
10. Araz Abdullayev (k)
(15. Fuad Əhmədov, 87)
9. Nurlan Novruzov
8. Təmraz Əmircanov
7. Bahadur Həziyev
5. Fərid Nadirov
22. Fərid Mahmudov
(4. Hakan Həsənov, 72)
14. Hüseyn Hüseynli
27. Cavidan Rəhimli
17. Ramin Məhərrəmli
(21. İsa İsayev, 31)
44. Xəyyam Hüseynov
(88. Tunar Mütəlimov, 46)
Ehtiyat oyunçular:
1. Əli Kərimov
19. Haxamaneş Neyijvanuş
47. Arif İsrafilbəyov
3. Səttar Hacıyev
Baş məşqçi: Fərid Məmmədov

“Difai”
1. Sahib Həsənov
11. Fərid Kərimzadə
(85. Nail Alışov, 55)
55. Seymur Əliyev (k)
6. Xəyal Bədirov
(17. Riad Abbaszadə, 84)
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə
(24. Rəvan Əvəzov, 84)
5. Ömər Məmmədzadə
9. Kristian Kamta
66. Arzu Atakişiyev
(10. Tahir Zeynalov, 84)
19. Muhammed Alfa
(7. Ceyhun Muxtarlı, 58)
Ehtiyat oyunçular:
50. Qurban Hüseynov
32. Xəyyam Məmmədli
44. Yaqub Yusubov
Məşqçi: Aydın Qasımov

Digər Xəbərlər
Xəbər Lenti