
Son illərin ən gərgin, maraqlı Birinci Liqasını arxada qoyuruq.
Əvvəlki illərlə müqayisədə peşəkarlıq kifayət qədər yüksəlib.
Daha çempionluğun formal olduğu illər geridə qalıb.
Klubların bəlli hədəfləri var.
İlk "beşlik" Premyer Liqa üçün, digəri isə liqada qalmaq üçün amansız mübarizənin bir parçasına çevrilib.
İmişli və Yevlaxda rəqiblər özünü sözün həqiqi mənasında səfərdə hiss etdi. Coşqulu azarkeşlərin sayəsində.
Qəbələ səfərində peşəkarlıq ən üst səviyyədə hiss olundu. Bir çox yerli futbolçular Premyer Liqa havası udmuş oldular.
Murad Musayev, Səlahət Ağayev, Asif Məmmədov, Elvin Yunuszadə kimi təcrübəli adlar gənclərə həm meydanda, həm də ondan kənarda nümunə olmağı bacardılar.
Təbii ki, problemlər də yox deyil. Xüsusilə infrastruktur məsələsi ciddi narahatlıq yaradır.
Bu məsələnin həllində əlavə maliyyə mənbələri ilə bərabər idarəçilərin düzgün yanaşması da önəmlidir.
Bu da düzəlsə, nəhayət biz də normal şərtlər altında keçirilən mübarizə dolu Birinci Liqa görərik.
Həmin Liqada Azərbaycan futbolu bir yox, onlarla şahinlər qazanacaq.
Fernandu Santuş və ya xələf(lər)i bir yox, bir neçə futbolçunu oradan milli komandaya dəvət edəcək.
XANOĞLAN / SPORTİNFO.AZ