
I Liqanın iştirakçılarından olan «Mingəçevir»də özbaşınalıqlar baş alıb gedir.
Bu ilin yanvarında yeni sposoruna qovuşan klubdan bir-birinin ardınca şikayətlər eşitməkdəyik.
Narazı şəxslərdən biri də Namiq İbrahimlidir. 44 günlük Vətən Müharibəsində iştirak etmiş və qazi olmuş N.İbrahimli redaksiyamızdan kömək istəyib:
«Mən bir neçə ildir ki, bu komandada işləyirdim. Şəhruz Mustafayev və Sönməz Quliyevin vaxtında fiziki hazırlıq üzrə köməkçi olmuşam.
Həmçinin Ədahim Niftəliyev gələndən sonra da burada çalışmışam. Hər şey bu ilin yanvarından başlayaraq dəyişdi.
Mənə rəhbərlikdən deyildi ki, Füzuli Məmmədov baş məşqçi gəlir, sən bu korpsudan getməlisən. Mən də cavab verdim ki, heç kimin korpusunda deyiləm, «Mingəçevir» yaranandan burada işləyirəm.
Ötən ilin yayında müqavilə imzalayanda, sənəddə göstərilmişdi ki, 700 manat əməkhaqqı alacağıq. Lakinə 6 ay cəmi 400 manat maaş veriblər.
Vəd eləmişdilər ki, sponsor gəlsin, pulunuzu tam alacaqsız. Sponsor gəldi, onda da dedilər ki, gedin oturun evinizdə, sizə bu komandada yer yoxdur.
Sonra başqa iş təklif etdilər, aydınlaşdırmaq istədim ki, bu, müvəqqətidir, yoxsa daimi, klubun İdarə Heyətinin sədri Nurlan Əhmədov artıq sənədlərin göndərildiyini söylədi.
Bir müddət keçdi, «Mingəçevir»i himayəsinə götürmüş ASTA-dan bir nəfər gəldi, dedi ki, akademiyada işləməyə razısanmı? Mən ona da razılıq verdim.
İndi isə məlum olur ki, vəziyyət tamam başqa cürdür. Axırıncı danışığımızdan sonra mənə rəsmi surətdə məlumat verdilər ki, yanvar ayından komandaya gəlmədiyi üçün sənin müqavilənə birtərəfli qaydada xitam veriləcək.
Halbuki ilin ilk ayında mənə bir sənəd gətirmişdilər ki, bura qol çək. Yəni, imzamla təsdiq etməli idim ki, klubun mənə borcu yoxdur.
Həmin sənədi imzalmaqdan imtina etdim, dedim ki, mənə 1500 manat verəcəyiniz var. Gördülər ki haqlıyam, çox israr etmədilər.
Üzləşdiyim problemdə ASTA-nın heç bir günahı yoxdur. Bu, klubun əvvəlki rəhbərliyinin əməlidir.
Çünki ASTA sponsor olanda «Mingəçevir»in kimə nə qədər borclu olmasıyla maraqlanıb. Bunlara deyilib ki, bir forma satan şirkətə borcumuz var, bir də AFFA və Peşəkar Futbol Liqasına.
Məşqçilərə borclu olduqlarını onlardan gizlədiblər. Bizə «gedin oturun evinizdə, pulunuzu ödəniləcək» deyən şəxs Nurlan Əhmədov olub.
Çox qəribədir ki, maaş borcunun ödənilməyəcəyinə dair bildirişi göndərən də elə özüdür. Necə ola bilər bu?
Füzuli Məmmədov bura öz köməkçilərini gətiribsə, gedib məşqlərdə iştirak etməli idim? Müqaviləm var, amma məni çağıran, «gəl, məşqlərdə ol» deyən yox…
Ancaq onu da deyim ki, məşqçi korpusu dəyişəndən sonra dəfələrlə stadiona gedib onların hazırlıq prosesini izləmişəm. Bununla belə, yalan deyirlər ki, yanvardan sonra işə gəlməmisən.
Bir sənəd aktlaşdırıblar, ora dörd nəfər imza atıb. Onlardan biri baş məşqçidir.
Heç Füzuli məni tanımır, bilmir ki, kiməm. Üz-üzə çox gəlmişik, amma məni nə üzdən tanıyır, nə adımı bilir.
Ona sual verirəm - əgər özünüzlə köməkçilər gətirmisizsə, mən sizin işinizə necə müdaxilə edə bilərəm? O, bu akta qol çəkməklə düz hərəkət eləmədi».