Klub rəhbərliyi gecə 2-də iclas keçirdi, hədələdi - “Onun "torba”sını tikə bilməyəcəksiz!"

17 Aprel 14:40 I Divizion 1 759
Klub rəhbərliyi gecə 2-də iclas keçirdi, hədələdi - “Onun "torba”sını tikə bilməyəcəksiz!"

Birinci Liqada iştirak edən "Baku Sportinq"də qarşıdurma yaranıb.

Baş məşqçi ilə futbolçular arasında münasibətlər pozulma həddinə çatıb.

Əksər oyunçular onun əleyhinə çıxıb və bu, son iki turun nəticələrində öz əksini tapıb. Çempionatda ilk mövsümünü keçirən və liderlər qrupuna yaxınlaşmaq fürsəti əldə edən komanda birdən-birə "yolundan dönüb.

Debütant öncə Binədə "Qəbələ"yə 0:6 hesabıyla uduzub, ardınca səfərdə "Zaqatala" tərəfindən darmadağın edilib - 1:5. Buzovna təmsilçisi bu görüşlərdə 1 qırmızı vərəqə alıb, 2 avtoqola imza atıb.

Yaranmış vəziyyət klub rəhbərliyini yerindən tərpədib. Zaqataladan geri qayıdan kollektivlə saat 02:00 radələrində təcili toplantı keçirilib.

Futbolçulara sərt xəbərdarlıq olunub, hər birinin 300 manat məbləğində cərimələnməsi barədə onlara məlumat verilib.

Bildirilib ki, kimlər Elman Sultanovun "torba"sını tikmək istəyirsə, məqsədlərinə çatmayacaq, onlarla yollar ayrılacaq.

Diqqətə çatdırılıb ki, baş məşqçiyə arxa çevirmək fikrində deyillər. O, hər nə qədər özünü sərt aparsa və futbolçularla ünsiyyətdə təhqiramiz ifadələrdən istifadə etsə də!

Qəsəbə təmsilçisi bu toplantının ardından Elman Sultanovla uzunmüddətli müqavilə imzalayıb. Onun köməkçiləri də qarşıdakı mövsümlərdə burada işləyəcəklər.

Anlaşmanın müddəti 2030-cu ilin mayına qədər nəzərdə tutulub. Həmçinin çalışdırıcıya geniş səlahiyyətlər verilib.

"Baku Sportinq" Birinci Liqada 21 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!