
“Difai”nin inzibatçısı Murad Şirinov AFFA və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyinə müraciət edib.
İş ondadır ki, o, I Liqanın 20-ci turunun “Karvan”la matçının 90+3-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
AFFA İntizam Komitəsi Qarabağ qazisi olan klubun texniki işçini 2 oyunluq cəzalandırıb və 150 manat cərimələyib.
O, federasiyanın baş katibi Cahangir Fərəcullayev, PFL-in prezidenti Elxan Səmədov, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər Komitəsinin sədri Frank de Bleker və AFFA-nın İntizam Komitəsinin sədri Erkin Hüseynova ünvanladığı məktubda bəzi məqamların araşdırılmasını istəyib:
«Mən uşaq yaşlarından futbol ilə məşğul olmuşam. 2020-ci ildə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı erməni işğalından azad edilməsində iştirak etdiyim, yaralandığım və həmin torpaqlara mənim də qanımın axdığı üçün fəxr və iftixar hissi keçirirəm.
Futbol mənim üçün hər şeydir. Vətən Müharibəsindən sonra futbol ilə tam gücümlə məşğul ola bilməsəm də, qazilərin komandası olan «Difai» barədə məlumat alan kimi oranın üzvü olmaq istədim və qəbul olundum. Həm qapıçı kimi məşq edir, həm də inzibatçı kimi fəaliyyət göstəririəm.
Sizə «Difai»FK-nın rəsmisi, futbolçusu və ya hər-hansı nümayəndəsi kimi deyil, bir vətəndaş olaraq müraciət edərək, komandamıza qarşı bəzi hakimlərin qərəzli mövqeyinin araşdırılmasını xahiş edirəm.
Son dövrlərdə AFFA-da gedən müsbət islahatları gördüyüm üçün bu məsələyə biganə qalınmayacağına inanıram.
03 aprel 2025-ci il tarixində baş tutmuş «Difai» - «Karvan» arasında oyundakı hakimlərin özbaşınalığı hiddət doğurur.
Belə ki, başlanğıcdan sona kimi, başda oyunun baş hakimi və dördüncü hakim olmaqla, iki rəqib komandası arasında oyun deyil, hakimlərin “qohumları” ilə düşmən arasında keçirilən qarşılaşmanı xatırladırdı. Bütün oyunun incələnməsini hakimlərin verdikləri qərarların doğruluğunun araşdırılmasını xahiş edirəm.
Yalnız bir neçə epizoda diqqət çəkmək istəyirəm. Oyunun əvvəlində qapıçı ilə təkbətək çıxan futbolçumuz Kristian Kamtanı dartaraq, vuraraq yıxılmasına nəinki qırmızı və ya “don geyindirilmiş sarı kart” göstərlimədi, heç cərimə belə qeydə alınmadı. İki dəfə cərimə meydançasında futbolçumuz Muhammed Alfa vurularaq, əynindəki köynəyi tarıma çəkilərək yıxılmasını həm baş hakim, həm dördüncü, həm də yan hakim görməzdən gəldi.
Yəni onlardan heç birimi bunu görmədi?
Eyni hal «Mingəçevir» - «Difai» arasında oyunda da baş verib. Oyunun 68-ci dəqiqəsində rəqib futbolçu öz cərimə meydançalarında komandamızın hücumçusu Krisitan Kamtanın ağzına yumruq vurmuş, həmin anda bütün hakimlər “gözləri başqa səmtə baxdığı üçün” hər iki futbolçuya sarı kart
göstərilmişdi.
03 aprel 2025-ci il tarixində keçirilmiş oyunda hakimlik etmiş briqada «İmişli» – «Mingəçevir» oyununu da idarə edib. Eyni şəkildə «İmişlit»yə qarşı qərəzli münasibət mövqeyləri ilə diqqət çəkiblər.
Haqqı pozulmuş komandaya qarşı qırmızı kartlar havada uçuşmuşdu. Eyni şəklidə mənim etitrazıma da qırmızı kart göstərildi. Mən qayda pozduğumu qəbul edirəm, bəs hakimlər?
Məndə elə bil hiss yaranır ki, bu hakimlər nə hakim-inspektor, nə oyundakı AFFA nümayəndəsi, nə PFL, nə UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi, nə də ki, AFFA-dan çəkinir!
Onların kiminsə tapşırığını, göstərişini, xahişini yerinə yetirdiyini, maddi və ya digər mənfəət qarşılığında bu addımları atdığını, oyunların nəticəsinə bilərəkdən hansısa məqsədlə təsir etmək niyyətində olduğunu iddia etmirəm.
Bu hakimlərin təcrübəsini nəzərə alaraq, hansı məqsədlə tərəfkeşlik etməsinin və yuxarıda qeyd etdiyim səbəblərin araşdırılmasını xahiş edirəm».
SPORTİNFO.AZ