“Baş məşqçimizə hörmətimiz yoxdur, onun komandada 2-3 xəbərçisi var”

10 Aprel 14:40 I Divizion 2 640
“Baş məşqçimizə hörmətimiz yoxdur, onun komandada 2-3 xəbərçisi var”

«Mingəçevir»də hər kəs Füzuli Məmmədovun buradan qovulmasını gözləyir və istəyir».

Bunu Sportinfo.az-a açıqlamasında komandanın bir qrup futbolçusu deyib.

I Liqada çıxış edən «işıqçılar»ın oyunçuları növbəti dəfə redaksiyamızla əlaqə saxlayıb. Onlar klubun sponsoru olan ASTA-nın baş məşqçini dəyişməyə hazırlaşması barədə məlumat aldıqlarını bildiriblər.

Kollektiv üzvlərinin sözlərinə görə, F.Məmmədov postundan uzaqlaşdırıldığı gün nəzir-niyaz paylayacaqlar:

«Komandada iki-üç nəfərdən başqa hamı onun buradan göndərilməsini istəyir. O iki-üç nəfər də Füzulinin xəbərçiləridir.

Nə olur, aparıb onun ovcuna qoyurlar. Yanlarında heç nə danışmırıq. Bilirik ki, dediyimiz söz beş dəqiqə sonra Füzulinin qulağına çatacaq.

İstəyirik ki, ASTA-nın rəhbərliyi gəlib bizimlə görüşsün. Amma onlar çox işə qarışmırlar.

Gəlsələr, hər şeyi danışarıq. Füzuli özünü normal aparmır.

Gecə yatanda da onun səsi qulağımızdadır, yerimizdən dik atılır. Hər məşqdə qışqırıb-bağırır.

Qəbələdə olan hadisəni bəlkə də çox adam bilmir. Uşaqlardan bir neçəsi oyun vaxtı dözə bilmədi, baş məşqçiyə qayıtdı ki, bəsdir, imkan ver, futbolumuzu oynayaq.

Top kimin ayağındadırsa, tez üstünə qışqırır. Bizi robot sayır.

Füzuli bu komandaya futbol oynatdırmır. Deyir, 90 dəqiqə qaçın.

Qaçaq e, amma biz futbol da oynamaq istəyirik. Futbol təkcə qaçmaqdan ibarət deyil axı.

ASTA-dan bir nəfər gəlib demir ki, nə edirsiz, nədən narazısız? Çəkilib durublar kənarda. Füzuliyə hörmətimiz yoxdur.

Müqaviləmiz davam etdiyi üçün ona çox söz deyə bilmirik. Çox uşaq yayda «Mingəçevir»dən çıxıb getmək istəyir.

Onda eşidəcəksiz ki, Füzulinin üzünə nələr söyləyəcəyik!».

Digər Xəbərlər
Xəbər Lenti