
«Mingəçevir» rəhbərliyi hazırda iki məşqçi ilə danışıqlar aparır.
Məqsəd Füzuli Məmmədovu onlardan biri ilə əvəzləməkdir.
Bu ilin yanvarında sükanı arxasına gətirilən mütəxəssisin əldə etdiyi nəticələr deyil onları narazı salan. Klubu himayəsinə götürmü ASTA-nı qəzəbləndirən hazırkı çalışdırıcının xarakteri və özünü pis aparmasıyla bağılıdır.
Ondan çoxlu narazılıq var. Füzuli Məmmədov 3 ay içində hamını boğaza yığıb.
Daha azarkeşləri komandaya yaxın buraxmır, məqləri izləməsinə icazə vermir. Onlardan şübhələnir ki, birdən hazırlıq prosesini çəkib rəqiblərə göndərərlər.
Ətrafdakılara xoflu münasibət bəsləyir, futbolçularla sərt davranır. Komanda üzvləri bu barədə dəfələrlə redaksiyamıza müraciət edib, öz şikayətlərini dilə gətiriblər.
Bütün bunlara əsaslanıb deyə bilərik ki, Məmmədov düşərgədə tam bir gestapo mühiti yaradıb, hamını acılayır, bəzən təhqir edir, hətta öz köməkçisini də. Bir sözlə, o, gündəlik iş həyatında öz kölgəsiylə belə yola getmir.
Təbii ki, həftələrdir mediada tirajlanan bu cür neqativ xəbərlər ASTA-nın böyüklərinin də qulağına çatıb. Başqa cür də ola bilməz - onun hoqqaları nə birdir, nə iki və öz-özünə «dur» demir.
Nəticə qazanmaqdan ötrü yüz yola əl atan Məmmədovun son əməlləri, ümumiyyətlə, «Mingəçevir»də ona olan münasibəti lap pisləşdirib.
Belə ki, o, sifariş edilən formaların gec çatdırılmasına görə klubda aləmi bir-birinə vurub. Üstəlik, komandanı gündəlik qida ilə təmin edən restoranın nümayəndələri ilə sərt formada danışıb.
ASTA-nın təmsilçiləri başa düşüb ki, onunla çox uzağa getmək olmaz və hər şey bir qədər də belə davam edərsə, komanda daxilində böyük «üsyan» qalxacaq.
Bunun qarşısını almaqdan ötrü qabaqlayıcı tədbir görmək fikrindədirlər.
Füzuli Məmmədovun istefasına hazırlıq görülməsinə başlanmasına dair günlərdir mediada dolaşan xəbərlər, əslində, bundan qaynaqlanır və əsassız deyil. Əlbəttə, od olmayan yerdən tüstü çıxmaz.
ASTA-nın «Mingəçevir»i kimlərə tapşırmaq niyyətində olması da məlumdur.
Danışıqlar masası arxasına dəvət olunan məşqçilərdən biri martda «Səbail»dən ayrılan Cavid Hüseynovdur. Digəri isə hazırda «Neftçi»nin akademiyasında koordinator vəzifəsini tutan Elşad Əhmədovdur.
PORTİNFO.AZ