
«Son iki turda maksimum xal toplamışıq.
Bu da futbolçularımızın meydanın hər qarışı uğrunda mübarizə aparmasına görədir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin baş məşqçisi Aydın Qasımov deyib.
I Liqada ikinci mövsümünü keçirən «Difai» 19-cu turda «siftə» etdi. «Fədailər tarixi ərzində ilk dəfə çempionatın ardıcıl iki turunda qələbə qazanmağı bacardı.
Öncə «Cəbrayıl»ı Bayılda 4:0 üstələyən Qarabağ qazilərinin təmsilçisi bu dəfə MOİK-i Binədə yendi.
Beləcə, «Difai» xal ehtiyatını 19-a çatdırdı və son 2 sıradan bir qədər uzaqlaşdı. İndi onlar «Cəbrayıl» və «Qaradağ Lökbatan»ı qabaqlayaraq, 8-ci pillədə yer alıb.
Aydın Qasımov çalışdırdığı komandanı çempionatda saxlamaq istədiyini bildirib:
“Üst-üstə yeddi qol vurduq, layiqli qələbələr qazandıq. İndi irəli baxmalıyıq, qarşıda səkkiz tur var və hər biri bizim üçün final kimdir.
İnanıram ki, uğurun arxasını gətirəcəyik. MOİK-lə oyunda tək deyildik, odur ki, mən Bakı Gənclər Mərkəzinin gənclərinə öz minnətdarlığımı bildirirəm.
Əvvəldən ta axıra kimi komandamıza dəstək oldular. Çox istəyirik ki, bundan sonra ev oyunlarımızı yenə Ağsuda keçirək.
Mən indiyədək itirdiyimiz xalların çoxunu buna bağlayaram. Həqiqətən də azarkeşə ehtiyacımız var.
Bilirik ki, Ağsu camaatı da bizi gözləyir. Nəhayət, biz də evdə oynamaq istəyirik.
Klubumuzun prezidenti Asəf Məlikova saytınız vasitəsilə öz təşəkkürümü bildirirəm. Hər zaman komandanın yanındadır, bizə dəstəkdir - pis gündə də, yaxşı gündə də.
Ona görə mehriban kollektivimiz var və ümid edirəm ki, bu, davamlı olacaq. Məhz bu mehribanlığın sayəsində biz qələbələrimizi sıralayacağıq.
Liqanın səviyəsi bu mövsüm artıb. Hər oyun gərgin keçir. Daha xal itirmək istəmirik.
Məqsədimiz təhlükəli zonadan tamamilə uzaqlaşmaq, bacardıqca yuxarı qalxmaqdır”.