
«Bu çempionatda Premyer Liqa səviyyəsində şəraiti olan iki klub varsa, biri bizik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Karvan»ın baş məşqçisi Kənan Kərimov deyib.
I Liqada yarışan Yevlax təmsilçisinin çalışdırıcısı növbəti mövsümdən elita iştirakçıları sırasında olmaq istədiklərini, bütün işləri bu yöndə qurduqlarını bildirib:
«Şəraitimiz, stadionumuz var. Bir baza əvvəldən tikilib, biri də yaxınlarda istifadəyə veriləcək.
Klubumuzun rəhbərliyi çox istəyir ki, «Karvan» yenidən Premyer Liqaya dönsün. Uzun illərdir ki, rayonumuz ora həsrətdir.
Nəhayət, bizim üçün belə bir şans yaranıb. Birinci Liqada ikinci yerdə gedirik.
Məqsədimiz çempionatın son səkkiz turunda da uğurlu nəticələr qazanıb, ən azından hazırkı yeri qorumaqdır. Bu dəqiqə əsas nəticədir.
Medalçılar sırasında ikinci olandan sonra niyə də Premyer Liqada oynamayaq? Stadionumuz əladır, çox iş görülüb.
Bəzi kosmetik işlər qalıb, onu da qısa müddətdə edəcəyik.
Meydançanın vəziyyəti? Şahmar müəllim (klubun prezidenti Şahmar Vəliyev nəzərdə tutulur-red) bu problemi də yoluna qoyacaq.
İki-üç ayın içində qazon dəyişdiriləcək və xalça kimi olacaq. AFFA-nın lisenziyalaşdırma tələbləri ilə tanışıq.
Bunun üstündə şızğın iş gedir indi. AFFA nə şərt irəli sürübsə, hamısını yerinə yetirməkdəyik.
Belə qaçhaqaç da deyil, bilirsiz ki, İcraiyyə Komitəsi Premyer Liqaya yeni gələcək klublara şəratini tam düzəltmək üçün 1 illik möhlət verib.
Bu da «Karvan» kimi rayonları uzun müddətdir Premyer Liqada təmsil olunmayan klublara xeyirdir. Təbii ki, əgər Yevlaxda futbol həmişə olsaydı, bu gün biz Premyer Liqaya daha rahat gedərdik.
Görün, arada nə qədər böyük fasilə oldu! Birdən-birə bütün çatışmazlıqları aradan qaldırmaq, Premyer Liqanın standartlarına çatmaq çox müşkül məsələdir.
Nə qədər çətin proses olsa da, «Karvan» rəhbərliyi əlindən gələni edir. «Qəbələ» ötən mövsümə kimi Premyer Liqada oynayıb, onlarda hər şey hazırdır.
Bizdən başqa Birinci Liqanın hansı klubu belə infrastruktura malikdir? Peşəkar Futbol Liqasının və AFFA-nın rəhbər şəxsləri Yevlaxda olub, şəraitimizi görüb.
Bizə heç bir narazılıq bildirməyiblər. Şəxsən mən bunu onların dilindən eşitməmişəm».