
I Liqada 19-cu tura start verilib.
Qəzənfər Abbasovla vidalaşan və Orxan Səfiyarovu baş məşqçi postuna gətirən MOİK Binədə "Difai"ni qonaq edib.
Qəsəbə stadionu bu sezon ilk dəfə bu qədər azarkeşə qucaq açıb. Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin himayəsində olduğu komandaların duelini 200 tamaşaçı izləyib.
MOİK 50-yə qədər əsgəri tribunada yerləşdiribsə, «Difai»ni gənc oğlan və qızlardan ibarət «qvardiya» dəstəkləyib.
Hesab erkən açılıb: 3-cü dəqiqədə ev sahiblərini əks-hücumda tutan «fədailər» Kristian Kamta ilə qol pərdəsini aralayıb
. İrəli atılan «hərbiçilər» 38-ci dəqiqədə yenə «tərs ayaq»da yaxalanıb. Bu dəfə kamerunlu hücumçunun ötürməsi Muhammed Alfanı qapıçıyla təkbətək çıxarıb.
Nigeriyalı vinger Zeynal Əhmədzadəni də geridə qoyaraq, künc bayrağına tərəf üz tutub - ənənəvi qol sevincini qeyd etmək üçün.
Bu, MOİK üçün sözün həqiqi mənasında «soyuq duş» idi. «Difai»dən gözlədikləri tamam başqa şey olsun gərək: məsələn, müdafiədə ciddi xətalar.
Seymur Əliyevlə Mahir Həsənovun idarçiliyindəki arxa zona ötən tur «Cəbrayıl»la matçda olduğu kimi, yenə xoş təsir bağışladı.
«Beşlik» kompakt hərəkət etdi, sıx oynadı, rəqibin cərimə meydançası daxilində topla sərbəst hərəkət traektoriyasını məhdudlaşdırdı.
İkinci hissədə külək yenə bir tərəfə əsirdi: ordu komandası hesabın gətirdiyi məcburiyyət üzündən tez-tez irəli atılır, di gəl, bu da heç də həmişə alınmırdı.
Topla səliqəsiz rəftar, tələm-tələsik verilən qərarlar MOİK-i 90-cu dəqiqəyə kimi «vurma-çalma» halında saxladı.
«Difai» isə yenə öz işində idi, dəyişmədilər - irili-xırdalı iki-üç ötürmə ilə «hərbiçilər»in cərimə meydançasına varid olur, növbəti qolun qoxusunu alırdılar.
Vaxtilə «Qarabağ»ın formasını geyinmiş Cavid Tağıyev 90+1-ci dəqiqədə MOİK-i ümidləndirsə də, ardını yenə Qarabağ qazilərinin təmsilçisi gətirdi. Və bu dəfə də əks-hücumla!
"Difai" ötən mövsümdən I Liqa ailəsinin üzvüdür. Aydın Qasımovun çalışdırdığı "fədailər" MOİK-i udmaqla çempionatda bir ilkə imza atmış oldu: ardıcıl iki tur qalibiyyət əldə edə bilməmişdilər, nəhayət, tilsimi qırdılar.
Onlar xallarının sayını 19-a yüksəldərək 8-ci pillədə, MOİK isə 22 xalla 6-cı pillədə qərarlaşıb.
SPORTİNFO.AZ
MOİK - "Difai" 1:3
Qollar: Cavid Tağıyev, 90+1 // Kristian Kamta, 3; Muhammed Alfa, 38; Fərid Kərimzadə, 90+3
Binə qəsəbə stadionu. 200 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Zakir Şükürzadə
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Elton Əlibəyli, 8 (qeyri-idman hərəkəti); Vüsal Əsgərov, 16 (qeyri-idman hərəkəti); Nurlan Bayramov, 90 (qeyri-idman hərəkəti) // Fərid Kərimzadə, 86 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Orxan Səfiyarov (MOİK), 90 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
MOİK
1. Zeynal Əhmədzadə
17. Sabir Allahquliyev
22. Ülvi İbazadə
97. Fərid Abbaslı (k)
(55. Nizami Səmədov, 69)
8. Ramil Orucov
(77. Cavid Tağıyev, 46)
15. Nihad Tamazov
10. İbrahim Əliyev
(11. Balamirzə Soltanov, 57)
13. Elton Əlibəyli
(20. Nurlan Bayramov, 46)
23. Vüsal Əsgərov
9. Cavidan Abbaszadə
(16. Tural Axverdiyev, 57)
6. Rüstəm Hümbətov
Ehtiyat oyunçular:
32. Murad Ağamalıyev
66. İlqar Nuruşov
44. Əli Nəcəfli
18. Mirəli Əhmədov
Baş məşqçi: Qəzənfər Abbasov
“Difai”
1. Sahib Həsənov
55. Seymur Əliyev (k)
10. Tahir Zeynalov
6. Xəyal Bədirov
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə
(17. Riad Abbaszadə, 77)
9. Kristian Kamta
32. Xəyyam Məmmədli
(11. Fərid Kərimzadə, 70)
66. Arzu Atakişiyev
19. Muhammed Alfa
(44. Yaqub Yusubov, 81)
Ehtiyat oyunçular:
85. Nail Alışov
12. Vaqif Məlik-Yeqanov
50. Qurban Hüseynov
24. Rəvan Əvəzov
99. İlkin Hüseynov
21. Anar Əhmədzadə
13. Nicat Əliyev
Baş məşqçi: Novruz Əzimov