
«Klub rəhbərliyi bizə məktub göndərib ki, guya son üç ay ərzində məşqlərdə iştirak etməmişik.
Bunu bəhanə gətirib, maaşlarımızı vermirlər. Halbuki biz oradan öz istəyimizlə getməmişik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Mingəçevir»in sabiq məşqçisi Elnar Kərimov deyib.
Xəbər verdiyimiz kimi, «Mingəçevir» rəhbərliyi cari mövsümün ilk yarısında xidmətindən yararlandığı məşqçilərlə yollarını ayırıb.
I Liqada mübarizə aparan klubun İdarə Heyətinin sədri Nurlan Əhmədov bu barədə onlara bildiriş göndərib.
Söhbət keçmiş baş məşqçi Ədahim Niftəliyevin köməkçiləri olmuş Elnar Kərimov və Namiq İbrahimlidən gedir.
Yanvarda ASTA-nın himayəsi altına keçmiş «işıqçılar" onlar qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirmək fikrindən uzaqdır.
Əksinə, klub başbilənləri həmin məşqçilərin özlərini vəzifə tapşırıqlarının icrasından yayınmaqda ittiham edir. Bunu sədrin onlara göndərdiyi sənəddən də görmək mümkündür:
«Sizin 01.08.2024 tarixli müqavilənizə xitam veriləcək. 01.01.2025 tarixindən etibarən müqavilə üzrə öhdəliklərinizi kobud şəkildə pozduğunuz və orada göstərilən xidmətləri - vəzifə öhdəliklərini yerinə yetirmədiyiniz üçün 23.03.2025 il tarixindən müqavilənizə xitam veriləcək.
Müqavilə üzrə xidmətləri yerinə yetirmədiyiniz müddət (yanvar, fevral, mart ayları) ərzində ödənişlər yerinə yetirilməyəcək».
Biz daha öncə Elnar Kərimovla bağlı olayı işıqlandırmışdıq. 2024-cü ilin avqustunda klubla 10 aylıq kontrakt bağlamış məşqçinin iki dəfə aldadılmasını üzə çıxarmışdıq.
Ədahim Niftəliyevin qapıçılar üzrə köməkçisi 700 manat maaş almalı olduğu halda, ona cəmi 400 manat ödənilib.
Üstəlik, bu ilin yanvarında komandadan kənarlaşdırılıb. İndi «Mingəçevir» başbilənləri Kərimovun nə əvvəlki borcunu qaytarır, nə də təzminatını ödəyir. Bu azmış kimi, indi onun özünü suçlayırlar.
E.Kərimov «Mingəçevir» rəsmilərinin yeganə qurbanı deyil. Buradan kənarlaşdırılmış daha 4 nəfər öz halal pullarını ala bilmir.
Öncəki baş məşqçinin fiziki hazırlıq üzrə yardımçısı Namiq İbrahimli, futbolçulardan Elvin Əsgərov, Fuad Əhmədov və Rüstəm Quluzadəyə təzminat ödənilmir.
Redaksiyamıza müraciət edən Elnar Kərimov haqqının bərpa olunması üçün sonadək mübarizə aparacağını bildirib:
«Bizi çıxarıblar, yerimizə başqa məşqçilər gətiriblər, indi də yalandan belə hoqqa verirlər. Rəhbərlik müqaviləm ola-ola bu cür özbaşınalıq edir.
Vəkillə danışmışam, bayram qurtaran kimi AFFA-ya şikayət məktubu göndərəcəyik. Belə «bardaq» ancaq Azərbaycan futbolunda ola bilər.
Klub öz-özünə qərar verir, müqaviləyə hörmətlə yanaşmır, bizə kompensasiya ödəmir. «Mingəçevir» rəhbərliyi komandaya yeni baş məşqçi gətirib.
Bizi bir dəfə stadiona çağırıb deməyiblər ki, niyə sizinlə yola davam etməyəcəyik. Özbaşına akt tərtib ediblər.
Orada qeyd olunub ki, biz məşqlərə gəlməmişik. Füzuli Məmmədov gəlibsə, özüylə köməkçilər gətiribsə, biz harada işləyək?
«Mingəçevir»də nə akademiya var, nə başqa bir şey. Mən heç yeni rəhbərin üzünü görməmişəm, bilmirəm kimdir.
Füzuli Məmmədov öz adamlarından ibarət korpus formalaşdırandan sonra biz nə etməli idik? Gedib meydanın bir kənarında durub baxmalıydıq ki, hə, biz də buradayıq?
Nurlan Əhmədov futboldan anlayışı olmayan insandır.
Füzuli də o akta qol çəkib. O da özünü böyük məşqçi sayır.
Aktda yazıb ki, Elnar məşqlərə gəlməyib. Ona deyən lazımdır ki, sən «Neftçi»dən istefa verib getdin, yerinə başqa gəldi, ondan sonra məşqlərdə iştirak edirdin?
Bəlkə məşq medançasının kənarında durub ona çalmısan? «Mingəçevir»ə yeni baş məşqçi və köməkçilər təyin olunubsa, mənim orada nə işim var?
Rəhbərlik ondan sonra bizi itirib-axtarmayıb. Nə bizi məşqə çağıran olub, nə də maraqlanan.
Adətən, komandaya yeni korpus gələndə, rəhbərlik əvvəlki məşqçiləri çağırıb deyir ki, belə qərar vermişik, sizinlə yollarımızı ayırırıq.
Bizə bu sözü deyən də olmayıb. Nurlan Əhmədov demişdi ki, gedin oturun evinizdə, klubdan maya qədər maaşınızı alacaqsız.
Mənim sözüm yeni sponsoradır. Çox təəssüf ki, savadsız adamları götürüb kluba rəhbər vəzifələrə qoyublar, onlardan da istifadə edirlər, bu cür akt hazıratdırırlar.
Birbaşa AFFA prezidenti Rövşən Nəcəfin adına şikayət yazacağıq. Yəqin ki, o, bizə haqsızlıq etməyəcək, AFFA-dakı müvafiq şəxslərə məsələyə düzgün baxılmasını tapşıracaq.
«Mingəçevir» rəhbərliyinin elədiyi futbola ləkədir, tərbiyəsizlikdir. AFFA da işimizə düzgün baxmasa, dövlət başçısına müraciət edəcəyik.
Qoy bu adamlar bilsin ki, heç kimin haqqını tapdalamaq, hüquqlarını pozmaq olmaz. Mən heç bir halda iddiamdan geri çəkilməyəcəm.
Klubun ümumilikdə 5000 manat mənə verəcəyi var. Öz halal 1 manatımı da onlara keçməyəcəm.
Nə qədər ki bu məsələ gedib yuxarılara çıxmayıb, gəlsinlər, oturub danışaq, ortaq bir məxrəcə gələk».