
«Mingəçevir» rəhbərliyi cari mövsümün ilk yarısında xidmətindən yararlandığı məşqçilərlə yollarını ayırıb.
I Liqada mübarizə aparan klubun İdarə Heyətinin sədri Nurlan Əhmədov bu barədə onlara bildiriş göndərib.
Söhbət keçmiş baş məşqçi Ədahim Niftəliyevin köməkçiləri olmuş Elnar Kərimov və Namiq İbrahimlidən gedir.
Yanvarda ASTA-nın himayəsi altına keçmiş «işıqçılar" onlar qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirmək fikrindən uzaqdır.
Əksinə, klub başbilənləri həmin məşqçilərin özlərini vəzifə tapşırıqlarının icrasından yayınmaqda ittiham edir. Bunu sədrin onlara göndərdiyi sənəddən də görmək mümkündür:
«Sizin 01.08.2024 tarixli müqavilənizə xitam veriləcək. 01.01.2025 tarixindən etibarən müqavilə üzrə öhdəliklərinizi kobud şəkildə pozduğunuz və orada göstərilən xidmətləri - vəzifə öhdəliklərini yerinə yetirmədiyiniz üçün 23.03.2025 il tarixindən müqavilənizə xitam veriləcək.
Müqavilə üzrə xidmətləri yerinə yetirmədiyiniz müddət (yanvar, fevral, mart ayları) ərzində ödənişlər yerinə yetirilməyəcək».
Biz daha öncə Elnar Kərimovla bağlı olayı işıqlandırmışdıq. 2024-cü ilin avqustunda klubla 10 aylıq kontrakt bağlamış məşqçinin iki dəfə aldadılmasını üzə çıxarmışdıq.
Ədahim Niftəliyevin qapıçılar üzrə köməkçisi 700 manat maaş almalı olduğu halda, ona cəmi 400 manat ödənilib.
Üstəlik, bu ilin yanvarında komandadan kənarlaşdırılıb. İndi «Mingəçevir» başbilənləri Kərimovun nə əvvəlki borcunu qaytarır, nə də təzminatını ödəyir. Bu azmış kimi, indi onun özünü suçlayırlar.
E.Kərimov «Mingəçevir» rəsmilərinin yeganə qurbanı deyil. Buradan kənarlaşdırılmış daha 4 nəfər öz halal pullarını ala bilmir.
Öncəki baş məşqçinin fiziki hazırlıq üzrə yardımçısı Namiq İbrahimli, futbolçulardan Elvin Əsgərov, Fuad Əhmədov və Rüstəm Quluzadəyə təzminat ödənilmir.
SPORTİNFO.AZ