"Premyer Liqa uğurunda sona qədər mübarizəmizi davam etdirəcəyik" - İDDİALI AÇIQLAMA

24 Mart 17:45 I Divizion 956
"Premyer Liqa uğurunda sona qədər mübarizəmizi davam etdirəcəyik" - İDDİALI AÇIQLAMA

Yeni mövsümdən Premyer Liqada klub sayı 12 olacaq.

Bu isə Birinci Liqadan eyni anda 3 klubun elitaya vəsiqə qazanacağı deməkdir.

Hazırda vahid lider olan "Qəbələ"nin qayıdışının sadəcə rəsmi olaraq təsdiqlənməsi qalır.

İkinci pillədə qərarlaşan "Karvan"ı 4-cü sıradan 9 xal ayırdığını nəzərə alsaq, Kənan Kərimovun komandasının da yüksək liqa yolu çox yaxın görünür.

Üçüncü pillədə yer alan "İmişli"nin də bu baxımdan şansları yüksəkdir. Aran təmsilçisi 4-cü sıradan yer alan "Sportinq Bakı"dan 6 xal ayırır.

Düzdü, real baxası olsaq, yuxarıda adıçəkilən klublara mane olacaq rəqib görünmür.

Amma Sportinfo.az-a açıqlama verən "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov fərqli düşündüyünü dilə gətirib.

Təcrübəli mütəxəssis ilk olarq qarşılarına elitaya yüksəlmək hədəfi qoyulmadığını etiraf edib.

Lakin şans varkən, son ana kimi mücadilə edəcəklərinin mesajını da verməyi unutmayıb:

"Açıq deyim ki, bizim qarşımıza hədəf qoyulmayıb. Bunun da müəyyən səbəbləri var.

İlk növbədə təbii ki, hədəf qoyulması üçün yaxşı maliyyə imkanları olmalıdır. Bu da olmadığına görə rəhbərlik heç vaxt deməyib ki, mütləq filan pilləni tutmaq lazımdır.

Üzərimizdə təzyiq olmayıb. Hər zaman sərbəst işləmişik. Amma hər bir futbolçu, məşqçi meydana çıxırsa, məqsəd qələbə olur. Kimsə deməz ki, 7-ci və ya 10-cu pilləni istəyirik.

Əsas arzumuz çempionluqdur. O da olmasa 2 və ya 3-cü pilləni tutmağı istəyirik.

Hər nə qədər çətin olsa da içimizdə mümkün qədər irəli getmək həvəsi var. Nə dərəcədə alınacağı qismətdən asılıdır.

Bu gün də faktiki olaraq Premyer Liqaya qayıtmaq şansımız var. Əlimizi üzməmişik. Sona qədər mübarizəmizi davam etdirəcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti