
Birinci Liqanın ən şəraitsiz klubu bəlkə də MOİK-dir.
Heyətində legioner olmayan yeganə kollektivi də "hərbiçilər"di. Amma baş məşqçi Qəzənfər Abbasov bütün çətinliklərə rəğmə 18 turdan sonra 22 xal qazanmağı bacarıb. Hazırda 6-cı sırada qərarlaşan komandanı 3-cü pillədə yer alan "İmişli"dən cəmi 9 xal ayırır.
Belədə gənc mütəxəssisin işindən ayrılması xəbəri ictimaiyyətdə birmənalı qarşılanmadı.
Çalışdırıcı ilə əlaqə saxlamaqda məqsədimiz sürpriz gedişin əsl səbəblərini öyrənmək oldu:
"MOİK mənə doğma klubudur. Burada xidmətlərim az olmayıb. Ciddi problemlər içində işimizə davam etmişik. Komandanın adicə idman dəsti belə yoxdur. Mövsümə toplanış keçmədən başlamalı olduq. Məşq etməyə meydançanı çətinliklə tapırdıq.
Yanvarda kluba yeni rəhbərlik gəldi. Hər şeyin yaxşı olacağına vəd verildi. Təəssüf ki, vəziyyət daha da pis oldu. Arxada qalan 3 ayda problemlərimiz azalmaq əvəzinə daha da artdı. Açığı, bu qədər çətinliklərə rəğmən işimə davam etməyə razı idim. Məqsədim MOİK-in bu mövsümü üst sıralarda başa vurmasıydı.
Təəssüf ki, sonuncu görüşümüzdə rəhbərliyin heyətə müdaxilə etmək istəyini gördüm. Bu, mənim üçün ən son nöqtə idi. Özümə hörmət edən biriyəm. Əgər kimin oynayıb, kimin oynamamasına rəhbər şəxs qərar verəcəksə, orada mən niyə varam? Ən əsası bu məsələyə görə getməklə bağlı qəti qərarımı verdim. Bu şərtlər altında daha qala bilməzdim".
XANOĞLAN / SPORTİNFO.AZ